Georgi Adamiya “Vaslui” klubuna iki qol vurub
14.07.2008 - 12:44
Georgi Adamiya “Vaslui” klubuna iki qol vurub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun hücumçusu Georgi Adamiya “Vaslui” ilə oyunda iki qol vurub. “APA-Sport” agentliyinin məlumatına görə, İntertoto kubokunun üçüncü mərhələsində qarşılaşacaq “Neftçi” və “Vaslui” tarixləri ərzində ilk dəfə ötən il üzə-üzə gəliblər. 2007-ci ilin yayında Avstriyada təlim-məşq toplanışında olan flaqman bu ölkənin “Rid” klubu ilə UEFA kubokunun matçına hazırlıq keçib. Həmin hazırlıq çərçivəsində Rumıniya təmsilçisi ilə də görüşən bakılılar “Vaslui”yə məğlub olub. Bir il əvvəl iyulun 7-də baş tutan qarşılaşma komandamızın 2:3 hesablı məğlubiyyətilə nəticələnib. Həmin görüşdə təmsilçimizin hər iki qolunun müəllifi komandanın gürcüstanlı futbolçusu G.Adamiya olub. O, matçın 41 və 79-cu dəqiqələrində “Vaslui”ni məyus edib. İyulun 19-u və 26-da keçiriləcək görüşlərdə 27 yaşlı hücumçu rumıniyalılarla oyunlarda vurduğu qolların sayını artıra bilər. “Neftçi” ilə bir il əvvəlki oyunda rumıniyalıların qollarını 30-cu dəqiqədə Laurentin Marin İvan, 8 dəqiqə sonra Viorel Frunza, 70-ci dəqiqədə isə İonut Liviu Pavel vurub. Maraqlıdır ki, artıq baş məşqçi vəzifəsindən istefaya göndərilən məşhur rumıniyalı Dorinel Muntyanu ötən ilki qarşılaşmada baş məşqçi olmaqla kifayətlənməyərək ilk yarıda sahə oyunçusu kimi meydana da çıxmışdı.
“Vaslui” Bakının “İnter” klubunu da məğlub edə bilib. 2006-cı ilin yanvarında keçirilən qarşılaşma 1:0 hesabı ilə nəticələnib.
0