Anatoli Demyanenko: “Futbolda sensasiya çox olur və bu səbəbdən UEFA kubokuna yüksəlməyimiz realdır”
14.07.2008 - 13:19
Anatoli Demyanenko: “Futbolda sensasiya çox olur və bu səbəbdən UEFA kubokuna yüksəlməyimiz realdır”
Onun sözlərinə görə, Azərbaycan futbolunun tarixinə düşməsini məşqçi karyerasında böyük uğurlardan biri saymaq olar: “Məşqçi kimi bundan da böyük uğurlarım olub. Kiyevin “Dinamo” klubunun çalışdırıcısı kimi iki dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışam, Türkiyənin “Fənərbaxça” klubunu mübarizədən kənarlaşdırmışam. İndiyədək Azərbaycanın heç biri klubu avrokuboklarda iki mərhələ adlamamışdı. Bu mənada “Neftçi” siftə idi və bu tarixi uğurda adımın olması mənim üçün çox xoşdur”. Komandanın sükanı arxasında qitə miqyasında qazandığı uğurdan böyük stimul alan A.Demyanenko çətinliklərdən də danışıb: “İntertotoya problemlərlə qatıldığımızı nəzərə alsaq, bu, böyük nailiyyətdir. Futbolçular az istirahət etdilər, yığmadakılar hazırlığa gec qoşuldular, kifayət qədər zədəlilərimiz oldu. Ancaq bütün bunlara baxmayaraq, “Neftçi” Avropaya öz gücünü göstərdi, güclü rəqib olan Belçikanın “Jerminal” klubunu sıradan çıxardı. Bunda isə qələbə istəyinin böyük olması, əzmkarlıq vacib rol oynadı. Futbolçularımız məsuliyyəti başa düşür, inkişaf etmək və Avropada irəliləmək istəyir”. 49 yaşlı çalışdırıcı UEFA kubokuna düşmək üçün Rumıniyanın “Vaslui” klubunu da keçmək əzmində olduqlarını söyləyib: “Gələcək rəqibimiz mövsümü 7-ci başa vursa da, onu “Jerminal”dan zəif saymaq düzgün olmazdı. Hər halda, futbolda sensasiya çox olur və bu səbəbdən daha bir mərhələ keçməyimiz, UEFA kubokuna yüksəlməyimiz realdır. Bunu qarşısına məqsəd qoyan “Neftçi” istəyinə çox yaxındır və ələ düşən gözəl fürsətdən yararlanmalıyıq. Hesab edirəm ki, şanslar bərabərdir”.
0