“Vaslui” klubunun prezidenti: “Nəyin bahasına olursa olsun, UEFA kubokuna yüksəlməliyik”
14.07.2008 - 13:25
“Vaslui” klubunun prezidenti: “Nəyin bahasına olursa olsun, UEFA kubokuna  yüksəlməliyik”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi” üzərində qələbə “Vaslui” klubunun hər oyunçusuna 15000 ABŞ dolları qazandıracaq. “APA-Sport” agentliyinin məlumatına görə, İntertoto kubokunun üçüncü mərhələsində dördqat Azərbaycan çempionunun rəqibi olacaq Rumıniya təmsilçisi futbolçularına mükafat vəd edib. “Vaslui”nin sahibi olan Adrian Porumbiu “Neftçi” səddinin keçiləcəyi halda oyunçuları mükafatlandıracağını bildirib: “Mövsümü qələbə ilə başlamaq çox vacibdir. Belə olan halda, komanda il boyu zirvələr uğrunda mübarizə aparmağa köklənə bilir. Bu səbəbdən həm Bakı, həm də Vasluidə, həmçinin Rumıniya çempionatının ilk turunda qələbə qazanmağımızı istəyirəm. Mükafat isə əlavə stimuldur. Qoy oyunçularımız maliyyə baxımından heç kimdən geri qalmadığını bilsinlər. Bəzən bu pulun əhəmiyyəti olmur. Lakin biz səhvlərdən nəticə çıxarmışıq. “Neftçi” ilə oyunların çətinlik dərəcəsi və bizim üçün önəmi çox böyükdür. Biz nəyin bahasına olursa olsun, UEFA kubokuna vəsiqə qazanmalıyıq”.
Qeyd edək ki, “Neftçi” – “Vaslui” cütünün qalibi UEFA kubokuna vəsiqə qazanacaq.
0