Georgi Adamiya: “Vaslui” klubuna məğlubiyyət narahatçılığa əsas verməməlidir”
14.07.2008 - 15:30
Georgi Adamiya: “Vaslui” klubuna məğlubiyyət narahatçılığa əsas verməməlidir”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Vaslui”yə iki qol vurduğum oyun yaxşı yadımdadır. Ötən yay Avstriyada keçirilən həmin yoxlama matçında 2:3 hesabı ilə məğlub olmuşduq”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun hücumçusu Georgi Adamiya deyib. Gürcüstanlı futbolçunun sözlərinə görə, İntertoto kubokunun üçüncü mərhələsində Rumıniyanın “Vaslui” klubuna hazırlıq matçında məğlubiyyət narahatçılığa əsas verməməlidir: “Həmin matç UEFA kubokuna hazırlıq məqsədilə keçirilən yoxlama oyunlarından biri idi. “Vaslui” də daxil olmaqla, Rumıniyanın üç klubu ilə sınaq matçı keçirdik. Heyətimizdə problemlər vardı, komandamızın bəzi üzvləri hazırlığa sonradan qoşuldu. Həm də ağır yükləmələrdən sonra oyuna çıxdıq. Vurduğum qollar hər hissənin sonuna yaxın idi və hər iki halda, hesab arasındakı fərqi minimuma endirdim”. 27 yaşlı futbolçu yoxlama oyunu ilə rəsmi matçın kəskin fərqləndiyini və bu dəfə daha iddialı olacaqlarını söyləyib: “Rəqibimiz texnikalı oyuna, meydanda pressinq tətbiq etməyə üstünlük verir. Bu, rumınların özünəməxsus oyun üslubudur. Rəqibin oyununu daha dərindən təhlil edib, zəif cəhətlərindən yararlanmağa çalışacağıq. Səfərə nisbətən rahat yollanmaq üçün öz meydanımızda inamlı qələbə qazanıb, üstünlük əldə etməliyik. “Jerminal”ı keçəcəyimizi çoxları gözləmirdi. Niyə də “Vaslui” oyunda da sensasiyaya imza atmayaq?”
0