“İnter” klubu sabah avrokuboklarda debüt edəcək
14.07.2008 - 15:44
“İnter” klubu sabah avrokuboklarda debüt edəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının 2007/08 mövsümünün qalibi Bakının “İnter” klubu sabah avrokuboklarda debüt edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt təmsilçisinin qitə miqyaslı turnirdə ilk sınağı Çempionlar Liqasında (ÇL) olacaq. Futbol tariximizə titul qazanan ilk əcnəbi məşqçi kimi düşən “İnter”in ukraynalı çalışdırıcısı Valentin Xodukin həmyerlilərinin uğurlu seriyasını davam etdirmək niyyətindədir. Belə ki, klublarımıza rəhbərlik edən ukraynalı mütəxəssislər avrokuboklarda debütlərini qələbə ilə qeyd ediblər. İqor Nakoneçnı “MKT-Araz” (1:0), Anatoli Demyanenko isə “Neftçi”nin (2:0) baş məşqçisi qismində İntertoto kubokunda belə uğura imza atıb. V.Xodukin də həmvətənləri kimi birinci oyunu doğma meydanda keçirəcək. Çempionlar Liqası birinci təsnifat mərhələsində “İnter”in rəqibi Makedoniyanın ən güclü komandası “Rabotniçki”dir. İndiyədək Azərbaycan klublarından yalnız “Kəpəz” avrokuboklarda Makedoniya təmsilçisi ilə qarşılaşıb. Gəncəlilər 9 il öncə “Sloqa Yuqomaqnat”ı evdə məğlub etsələr də (2:1), mərhələ adlaya bilməyiblər. Rəqib səfərdə vurulan qol sayəsində növbəti tura yüksəlib. Hər halda, klublarımız ÇL-də ilk qələbəni məhz makedoniyalılar üzərində qazanıblar. Ümumiyyətlə, digər komandalarımızın da bu ölkə ilə bağlı nailiyyətləri var. Olimpiya yığmamızın ilk səfər qələbəsi (2:1) və hələlik son qalibiyyəti (1:0) 7 il öncə Makedoniya milli komandası ilə görüşə təsadüf edir.
“İnter”in aparıcı üzvlərindən sayılan Mahmud Qurbanov ikinci dəfə ÇL-də Makedoniya çempionuna qarşı oynayacaq. 35 yaşlı pleymeyker 1999-cu ildə “Kəpəz”in heyətində “Sloqa Yuqomaqnat”la görüşdə iştirak edib. Həmçinin, M.Qurbanov “İnter”in kapitanı Emin İmaməliyev kimi makedoniyalılarla yığma səviyyəsində keçirilən oyunlarda da forma geyinib.
Qeyd edək ki, İntertoto kubokunda yarışan “Neftçi”nin ardınca “İnter” rəhbərliyi də avrokuboklarda Tofiq Bəhramov adına Respublika stadionuna girişin pulsuz olması barədə qərar verib.

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi, ilk oyun
“İnter” (Azərbaycan) - “Rabotniçki” (Makedoniya)
15 iyul. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00
Baş hakim: Kril Zimmermann (İsveçrə)
Hakim-köməkçiləri: Antonio Luis Fernandes, Tomas Habegger (hər ikisi İsveçrə)
Ehtiyat hakim: Alen Byeri (İsveçrə)
UEFA hakim-inspektoru: İrji Ulrix (Çexiya)
UEFA nümayəndəsi: Jon-Fransuz Kruk (Belçika)
0