Vahid Nəzərov: “Nizami Paşayevin nəticələri zəifləyib”
14.07.2008 - 16:22
Vahid Nəzərov: “Nizami Paşayevin nəticələri zəifləyib”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın ağır atletika üzrə milli komandasının baş məşqçisi Vahid Nəzərov deyib. Onun bildirdiyinə görə, XXIX Pekin Yay Olimpiya Oyunlarına aparılacaq heyətin seçimi yaxşı alınıb: “Seçim zamanı atletlərin qarşısına şərtlər qoymuşduq. Əgər bunu etməsəydik, onlar arxayınlaşacaqdılar və nəticələr yüksək olmayacaqdı. Ancaq qoyulan şərtlər effekt verdi və atletlər inamlı təsir bağışladılar”. V.Nəzərov qarşıdakı mötəbər yarışa ehtiyat idmançı ezam olunmamasından şikayətlənib: “Yığmamızın ehtiyat üzvü Zülfüqar Süleymanovdur. Allah eləməsin, olimpiadayadək hər hansı idmançı zədələnsə, onu Zülfüqar əvəzləyəcək. Lakin anlaya bilmirəm ki, nəyə görə əlaqədar qurumlar bu atleti Pekinə ezam etmək istəmirlər? Halbuki əksər milli komandalarda ehtiyat atlet də olimpiadaya aparılır. Avqustun 6-dək heyətdə əvəzləməyə icazə var. Çin paytaxtına yollandıqdan sonra ağırlıqqaldıranlardan kiminsə səhhətində problem yaransa, biz çıxılmaz vəziyyətdə qalacağıq”. Baş məşqçi Yay Olimpiya Oyunlarına səfər tarixlərinin dəqiqləşdiyini də söyləyib. Beləliklə, avqustun 1-də Sərdar Həsənov (62 kq), Əfqan Bayramov, Turan Mirzəyev (hər ikisi 69 kq), həmçinin məşqçi Soltan Kərimov, avqustun 6-da İntiqam Zairov (85 kq) və baş məşqçi Vahid Nəzərov, avqustun 8-də isə Nizami Paşayev (94 kq) Pekinə yollanacaq. Yığma üzvlərinin 3 qrupa bölünməsini çalışdırıcı belə izah edib: “Atletlərin olimpiya kəndində az olmaları məqsədilə onları qruplara bölmüşük. Çünki olimpiya kəndində çox olmaq psixoloji maneələr törədir”. V.Nəzərov qarşıya qoyulan məqsəd barədə də danışıb: “Təbii ki, olimpiadaya gedən istənilən idmançı medal qazanmağı arzulayır. Lakin bizim əsas məqsədimiz hər çəki dərəcəsində ilk “onluğ”a düşməkdir. Qarşımıza Vətənə konkret neçə medalla dönmək vəzifəsi qoyulmayıb”.
Qeyd edək ki, Azərbaycan ağırlıqqaldıranları indiyədək Yay Olimpiya Oyunlarının mükafatçılar sırasında yer almayıblar.
0