Bakıda keçirilən avrokubok oyunlarının hamısında qalib gələn komandamız hansıdır?
14.07.2008 - 17:21
Bakıda keçirilən avrokubok oyunlarının hamısında qalib gələn komandamız hansıdır?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “İnter” klubunun sələfi sayılan “Xəzər Universiteti” avrokuboklarda öz meydanında keçirdiyi oyunlarda maksimum nəticə göstərib. “APA-Sport” agentliyinin məlumatına görə, 2004/05 mövsümündə İntertoto kubokunda yarışan “Xəzər Universiteti” qitə miqyaslı yarışda ümumilikdə 4 matçda qüvvəsini sınayıb. Birinci mərhələdə Avstriyanın “Kazino” klubuna səfərdə 0:4 hesabı ilə uduzan təmsilçimiz doğma azarkeşlər önündə minimal fərqlə qalib gəlib - 2:1. Lakin avstriyalıların heyətində adı iştirak ərizəsinə salınmayan futbolçunun çıxış etməsi onlara texniki məğlubiyyətin verilməsi ilə nəticələndiyindən növbəti mərhələyə paytaxt klubu yüksəlmişdi. “İnter”in sələfi ikinci mərhələdə Finlandiyada “Tampere”yə qarşı matçda yenə böyük hesabla uduzub (0:3). Bakıda isə meydan sahibləri minimal hesablı qələbə qazanıblar. Bu qarşılaşmadan bir neçə gün sonra “Xəzər Universiteti”nin milli çempionatda “İnter” adı altında oynaması rəsmiləşib. Valentin Xodukinin rəhbərlik etdiyi kollektiv iyulun 15-də avrokubok oyununa çıxacaq 3-cü komandamız olacaq. 2004-cü ilin bu tarixində UEFA kubokundakı komandalarımızın hər ikisi məğlubiyyətlə üzləşib. “Qarabağ” Slovakiyada “Dukla”ya 0:3, “Şəmkir” isə Gürcüstanda “Tbilisi”yə 0:1 hesabı ilə yenilib.
0