Ramazan Abbasov: “Lex”dən qorxmaq lazım deyil”
14.07.2008 - 17:33
Ramazan Abbasov: “Lex”dən qorxmaq lazım deyil”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı”ya qayıtmağımda əsas məqsəd həm bu komanda ilə çempion olmaq, həm də əvvəlki formamı bərpa edərək yenidən yığmaya dəvət almaqdır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri bir illik fasilədən sonra “Bakı”ya qayıdan Ramazan Abbasov klubun rəsmi saytına müsahibəsində deyib. 2007/08 mövsümündə “Neftçi”də daha çox ehtiyatda qalan 25 yaşlı yarımmüdafiəçi formadan düşdüyünü gizlətməyib: “Nəticədə milli komandadakı yerimi də itirmişəm. Hər bir futbolçunun karyerasında eniş dövrü olur. Bu, mənim də başıma gəldi”. R.Abbasov bildirib ki, növbəti çempionatda “Bakı”nın çempionluqdan başqa istənilən nəticəsi uğursuzluq sayılmalıdır. Futbolçu avrokuboklarda mübarizə aparacaq klublarımızın şansını yüksək qiymətləndirib: “Premyer Liqanın qızıl medallarını qazanan “İnter” sabit heyətə malik olduğunu sübuta yetirdi. “Rabotniçki” güclü komanda olsa da, “İnter”i cütün favoriti sayıram. “Olimpik” yaxşı müdafiə xəttinə görə fərqlənir. Ancaq heyətdə dəyişikliklər olduğu üçün bu komandanın UEFA kubokunda necə çıxış edəcəyi barədə heç nə deyə bilmərəm. Bununla belə, “Xəzər-Lənkəran”ın “Lex”i üstələcəyinə inanıram”. Vaxtilə “Lex”ə qarşı oynayan “Bakı”nın yarımmüdafiəçisi “Xəzər-Lənkəran”lı həmkarlarına məsləhətlər verib: “İki il öncə Antalyada təlim-məşq toplanışında olarkən “Lex”in əsas heyəti ilə yoxlama matçında qarşılaşdıq. İlk hissədən sonra biz 3:0 irəlidə idik, qollardan birini də mən vurmuşdum. Məğlubiyyətlə barışmayan polşalılar ikinci hissənin ortalarında kobudluq etməyə başladılar. Adi bir yoldaşlıq oyunu olmasına baxmayaraq, aramızda mübahisə yarandı. Münaqişə nəticəsində hər iki komandanın bir neçə futbolçusu ciddi zədələndi. Polşalılardan qorxmaq lazım deyil. Düzdür, fiziki cəhətdən güclü, hündürboy futbolçuları var. Amma onlar təsəvvür etdiyimiz kimi yaxşı oynamırlar”.
0