Valentin Xodukin: “Mən gözələm, məndən yoxdur” kimi sözlərlə özünü necə lazımdır tərifləmək olar”
14.07.2008 - 17:55
Valentin Xodukin: “Mən gözələm, məndən yoxdur” kimi sözlərlə özünü necə lazımdır tərifləmək olar”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rabotniçki” ilə görüş öncəsi bəzi problemlərimiz var. Hər şeydən öncə yeni futbolçular komandaya uyğunlaşa bilməyiblər. Hətta Valentin Belkeviç kimi təcrübəli futbolçu da bu problemi aradan götürməyib”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Rəhbərlik etdiyi kollektivi sabah Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Rabotniçki”yə (Makedoniya) qarşı oyuna çıxaracaq 69 yaşlı çalışdırıcı avrokuboklarda ümumilikdə üçüncü matçını keçirəcəyini bildirib: “15 il öncə Lvov “Karpatı”sında işlədiyim zaman Kuboklar Kubokunda İrlandiyanın “Şelburn” klubu ilə görüşmüşdüm. İki oyunun nəticəsinə görə mərhələ keçməyimizə cəmi bir top çatmadı”. Mövsümlərarası fasilədə transfer olunan Valentin Belkeviçin avrokuboklardakı təcrübəsinə böyük ümidlər bəsləyən baş məşqçinin sözlərinə görə, qənaətbəxş nəticə üçün hamı meydanda çalışmalıdır: “Təkcə hücumçularla iş bitmir. Hücumçunu qol vurmaq üçün mərmi ilə təchiz etmək lazımdır ki, o da hədəfə dəqiq atəş aça bilsin. Nəticə haqda düşünmürəm. Məni ilk növbədə komandamın oyunu maraqlandırır ki, bu qaydasında olanda nəticə də qazanılacaq”. V.Xodukin vurğulayıb ki, bir müddət öncə heyəti dağılan “Rabotniçki”nin üzləşdiyi problemlər “İnter” futbolçularında arxayınlıq yaratmayıb: “Arxayınlaşmağı ağlımıza belə gətirmirik. Sözsüz ki, birinci oyunu öz meydanında keçirirsənsə, cavab matçı üçün üstünlük qazanmalısan. Təbii ki, Çempionlar Liqasında debütümü qələbə ilə qeyd etmək istəyirəm. “Mən gözələm, məndən yoxdur” kimi sözlərlə özünü necə lazımdır tərifləmək olar. Ancaq bütün suallara meydandakı cavab veriləcək”.
0