Xaqani Məmmədov: “Avrokuboklarda qol vurmaq vaxtı çatıb”
14.07.2008 - 17:56
Xaqani Məmmədov: “Avrokuboklarda qol vurmaq vaxtı çatıb”
Ötən mövsüm vurduğu 19 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan 32 yaşlı hücumçu məhsuldarlığını qitə miqyaslı turnirdə də göstərmək fikrindədir: “Üç illik fasilədən sonra yenidən avrokuboklarda çıxış edəcəyəm. Sonuncu dəfə “Xəzər-Lənkəran”ın heyətində UEFA kubokunun iştirakçısı olmuşam. İndiyədək avrokuboklarda müxtəlif klubların heyətində kifayət qədər oyun keçirsəm də, hələ də qol vura bilməmişəm. Avrokuboklarda qol hesabını açmağın vaxtı çatıb və bunu uğurlu mövsüm keçirdiyim “İnter”in heyətində reallaşdırmaq istəyirəm”. Bu işdə komanda yoldaşlarının köməyinə bel bağlayan X.Məmmədov yeni transfer olan Valentin Belkeviçi fərqləndirir: “Belkeviç kimi təcrübəli yarımmüdafiəçinin gəlişindən sonra işimiz bir qədər asanlaşıb. O, hara ötürmə verməyi, hücumçuları meydanda topla necə təmin etməyi yaxşı bilir. Türkiyədə keçirdiyimiz yoxlama oyunlarında Mahmud Qurbanovla Valentin Belkeviç orta sahədə birgə çıxış edərkən, biz hücumçuların işi rahatlaşıb”.
Sabah avrokuboklarda yubiley oyununa (10) çıxacaq “İnter”in ən sərrast futbolçusu “Rabotniçki” haqda əldə etdikləri məlumatları kifayət qədər saymır: “Bu komandanın çempion heyətindən bir neçə futbolçunun gedişindən xəbərdarıq. Ancaq açığı, “Rabotniçki” bizim üçün hələ də qaranlıq olaraq qalır. Futbolda hər şey ola bilsə də, hər halda, ilk oyundan çox şey asılıdır. Məhz Bakıdakı görüş gələcək perspektivimizə böyük ölçüdə aydınlıq gətirəcək. Öz meydanımızda qol buraxmamaq şərti ilə münasib hesablı qələbə qazanmalıyıq. Sabahkı matçda qalib gəlmək şanslarımızı yüksək qiymətləndirirəm”.
Qeyd edək ki, avrokuboklarda “Xəzər-Lənkəran”la yanaşı, “Neftçi” və “Şəmkir”in heyətində X.Məmmədov ümumilikdə 9 oyun keçirib.
0