“Xəzər-Lənkəran” iki əcnəbi hücumçu ilə müqavilə bağlayıb
14.07.2008 - 18:16
“Xəzər-Lənkəran” iki əcnəbi hücumçu ilə müqavilə bağlayıb
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran” iki futbolçunun keçidini rəsmiləşdirib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun seleksiyaçı məşqçisi Bəxtiyar Musayevin sözlərinə görə, iki əcnəbi hücumçu ilə artıq müqavilə bağlayıblar: “Vaxtilə İspaniyanın “Espanyol” klubunda və Rumıniya yığmasında çıxış edən Klaudiu Niku Radukanunu hələ Avstriyadakı hazırlıq prosesində sınayıb bəyənmişdik. Onunla yanaşı, daha bir hücumçunu transfer etdik. Bu, 28 yaşlı braziliyalı Ramalodur. 28 yaşlı futbolçu birbaşa müqaviləyə gəlib. Ramalo həm hücumda, həm də hücumçuların arxasında çıxış edə bilər. O, braziliyalı yarımmüdafiəçimiz Juninyo Osvaldo ilə birgə “Vilanova” klubunda çıxış edib. Ramalo son vaxtlar B seriyasında “Fortaleza” klubunda oynayıb. Hər iki futbolçu ilə ən azı iki illik müqavilə bağlanılması nəzərdə tutulub”. B.Musayev Avstriyada sınadıqları 30 yaşlı braziliyalı hücumameylli yarımmüdafiəçi Renatonu da transfer etmək fikrində olduqlarını söyləyib: “Bu futbolçunun yolunu gözləyirik. Ondan fərqli litvalı müdafiəçi Audrius Veykitus Bakıya gəlib çıxıb və onu “Standard” üzərində qalib gəldiyimiz yoxlama oyununda onu bir daha sınadıq. Litvalı ilə müqavilə bağlamaq sabah qaldı. Fransa vətəndaşı olan Mamadu Samoqo haqda hələ son sözümüzü deməmişik. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən afrikalı futbolçunu da “Standard”la görüşdə sınadıq. Yeni legionerlərin Polşanın “Lex” klubu ilə oyuna qədər sifariş edib, transfer vərəqələrinin gəlib çıxmasına çalışacağıq”.


0