Xaqani Məmmədov: “Oynamağım mümkündür”
15.07.2008 - 10:48
Xaqani Məmmədov: “Oynamağım mümkündür”
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı Çempionlar Liqasında təmsil edən “İnter” Makedoniyanın “Rabotniçki” klubu ilə ilk oyun öncəsi heyətlə bağlı daha bir problemlə üzləşib. Sloveniyalı yarımmüdafiəçi Qoran Arnaut, uruqvaylı hücumçu Roman Quellonun ardınca Xaqani Məmmədov da zədələnib. 32 yaşlı hücumçu “APA-Sport” agentliyinə açıqlamasında “Rabotniçki” ilə görüş öncəsi son məşqdə zədələndiyini söyləyib: “Komandamızın mövsümlərarası fasilədə transfer etdiyi braziliyalı qapıçı Junior Vilsonla məşqdə toqquşdum. Yeni futbolçumuzu bədəninin bütün ağırlığı ilə pəncəmin üzərinə düşdü. Dərhal ayağımda rentgen müayinəsi aparıldı və sınıq olmadığı aşkara çıxdı. Bununla belə, möhkəm əzik olduğundan, ayağımda ağrılar var”. Bu gün meydana çıxmasının sual altında olduğunu deyən Azərbaycan Premyer Liqasının bombardiri ümidini itirmir: “Bu gün səhər birtəhər məşq etdim, yüngül qaçdım. Belə vəziyyətdə oynamağım qeyri-mümkün olsa da, hər halda, çıxış yolu var. Həkimimiz oyunun başlanmasına az qalmış zədə aldığım yerə iynə vuracaq. Bundan sonra isinmə hərəkətlərinə çıxıb, durumuma baxacağam. Əgər zədəm imkan versə, meydana çıxacağam. Əks təqdirdə, “Rabotniçki”yə qarşı çıxış etməyəcəyəm”
0