“Olimpik” Serbiyanın “Voyvodina” klubu ilə oyunlara 18 futbolçu sifariş edib
15.07.2008 - 11:39
“Olimpik” Serbiyanın “Voyvodina” klubu ilə oyunlara 18 futbolçu sifariş edib
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “Olimpik” klubu son iştirak ərizəsini UEFA-ya göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı Serbiyanın “Voyvodina” klubu ilə UEFA kubokunun birinci təsnifat mərhələsinin oyunları üçün matçın protokolunda göstərildiyi sayda, yəni 18 futbolçu sifariş edib. Artıq Serbiyaya yollanan komandamız ilkin iştirak ərizəsi ilə müqayisədə iki dəyişiklik edib ki, bunlar braziliyalı hücumçuların sifariş olunması ilə bağlıdır. Dörd il “Bakı”da çıxış edən 32 yaşlı Leandro Qomeşi transfer edən “Olimpik” Vilnüsün “Jalgiris” klubundan dəvət etdiyi Nerijus Vasilyauskası iştirak ərizəsindən çıxarıb. Zədə problemindən əziyyət 31 yaşlı litvalı futbolçunu heyətdə saxlamayan baş məşqçi Əsgər Abdullayev onun əvəzinə yaxşı tanıdığı Junivan Suaresi götürüb. “Olimpik”də çıxış etdiyi ötən mövsümdə 21 oyuna 11 qolla komandasının ən sərrast oyunçusu olan 30 yaşlı braziliyalı hücumçu ötən ay “Qəbələ”yə keçmişdi. Qəbələlilərlə hətta müqavilə imzalayan J.Suares sonradan bu hərəkətinə peşman olub. Keçmiş komandasına qayıtmağı əyalət təmsilçisində çıxış etməkdən üstün tutan braziliyalı anlaşmasını pozub.
Qeyd edək ki, “Olimpik”in heyətinin yarısı ötən mövsümkü, yarısı isə yeni futbolçulardan təşkil olunub. Gümüş mükafatçı avrokuboklarda digər təmsilçilərimizdən həm cəmi iki qapıçı sifariş etməsi, həm də müdafiəçi sarıdan korluq çəkməsi ilə diqqəti cəlb edir. “Olimpik” “Voyvodina” ilə birigün keçiriləcək səfər görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Qapıçılar: 44. Rauf Mehdiyev, 96. Elşən Poladov

Müdafiəçilər: 2. Sergey Laşenkov, 3. Usim Nduka, 4. Tərlan Əhmədov, 17 Ramin Quliyev.

Yarımmüdafiəçilər: 5. Marians Çoruzi, 6. Klaudiano Alves dos Santos, 7. Aqil Nəbiyev, 8. Arif Daşdəmirov, 10. Bəşir Müqədi, 13. Nəriman Əzimov, 35. Roman Axalkatsi, 77. Yaşar Abuzərov.

Hücumçular: 9. Samir Musayev, 11. Junivan Suares, 31. Mixail Xutsişvili, 55. Leandro Qomeş
0