Xaqani Məmmədov: “Vüsal Əliyev test normativini çətinliklə verdi”
15.07.2008 - 13:05
Xaqani Məmmədov: “Vüsal Əliyev test normativini çətinliklə verdi”
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün 11 futbol hakimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda “Kuper testi” verib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun sözlərinə görə, iyulun ilk üç günlüyündə zədə və hərbi xidmətlə bağlı normativlərin iştirak edə bilməyənlər bu dəfə sınaqdan keçib: “11 hakimdən 2-si normativi verə bilmədi ki, bunlar FİFA referisi Venera Muradova ilə milli dərəcəli hakim Rəşid Hüseynovdur. Qadın hakimlər üçün normativ 2400, kişilər üçün 2700 metrdir. V.Muradova 2000, R.Hüseynov 2500 metr qaçdı. Bu hakimlər Qəbələdə keçiriləcək təlim-məşq toplanışına aparılmayacaq. Onlar üçün son şans avqustun ilk günlərində olacaq. Qəbələdən toplanışdan qayıtdıqdan sonra Bakıda bu iki hakimdən bir daha test normativləri götürəcəyik. Yenə verə bilməsələr, çempionata buraxılmayacaqlar. Venera Muradovanın FİFA hakimi olduğunu nəzərə alsaq, onu adı növbəti ilə beynəlxalq futbol qurumuna təsdiqlənmək üçün göndərməyəcəyik”. X.Məmmədov bu ayın sonunda UEFA kubokunda oyun idarə edəcək FİFA hakimi Vüsal Əliyevin də fiziki hazırlığından razı qalmayıb: “Vüsal 2730 metr qaçdı ki, bu da normativi çətinliklə yerinə yetirmək deməkdir. Əslində isə FİFA hakimi bundan çox qaçmalıdır. Düzdür, Əliyevdə həqiqətən də zədə problemi vardı və son iki ayda müalicə olunurdu. Ancaq istənilən halda, bu qədər qaçmaq FİFA hakiminə yaraşmır, ona başucalığı gətirmir. Elə Vüsaldan əvvəl test normativi verən Babək Quliyev də 2730 metr qaçmışdı. Daha bir FİFA hakimimiz Fariz Yusifov 12 dəqiqəyə 2890 metr qaçmaqla, həmkarlarından yaxşı nəticə göstərmişdi”.
0