Yüngül atletika üzrə Azərbaycan yığmasının məşqçisi futbol hakimlərinə dərs deyəcək
15.07.2008 - 14:02
Yüngül atletika üzrə Azərbaycan yığmasının məşqçisi futbol hakimlərinə dərs deyəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Yüngül atletika üzrə Azərbaycan yığmasının məşqçisi Şirin Vəliyev futbol hakimlərinə dərc keçəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun sözlərinə görə, bu mütəxəssis Qəbələdəki təlim-məşq toplanışına cəlb olunacaq: “Qəbələdəki 10 günlük hazırlıq prosesində 64 hakim iştirak edəcək. Bunların yarısını baş hakimlər, yarısını isə hakim-köməkçiləri təşkil edəcək. İyulun 18-dən 23-dək baş hakim, 23-dən 27-dək hakim-köməkçiləri üçün təlim-məşq toplanışı keçirəcəyik. Hakimlərin hazırlıq qrupuna üç nəfər rəhbər şəxs olacaq. Bura mənimlə yanaşı, veteran hakimimiz, AFFA-nın Hakim-inspektorlar Komitəsinin yeni sədri Gülağa Cabbarov və yüngül atletika yığmasının məşqçisi Şirin Vəliyev daxildir. Bu mütəxəssis eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Atletika və onun metodikası” kafedrasının baş müəllimidir. Yüngül atletika üzrə mütəxəssisin hakimlərin hazırlığına cəlb edilməsi yenilikdir. Hakimlərin fiziki hazırlığına xüsusi diqqət yetiririk, bu sahədə üzləşdiyimiz problemləri aradan qaldırmaq fikrindəyik. Şirin Vəliyev təlim-məşq toplanışı müddətində sırf hakimlərin fiziki hazırlığının yaxşılaşması yönündə çalışacaq”.
0