“Xəzər-Lənkəran” Portuqaliyanın yüksək liqasında çıxış edən hücumçunu transfer edib
15.07.2008 - 15:07
“Xəzər-Lənkəran” Portuqaliyanın yüksək liqasında çıxış edən hücumçunu transfer edib
“Baş məşqçimiz Ağasəlim Mircavadov Avstriyadakı hazırlıq prosesində sınadığı Renatonu bəyənib. O, həm hücumda, həm də orta sahədə oyun qurucusu kimi çıxış edə bilər. Avstriyadakı hazırlıq prosesindən sonra Portuqaliyaya qayıdan futbolçunu Bakıya dəvət etmişdik. Portuqaliyanın yüksək liqasında çıxış edən “Fakuş Pereyra” klubundan gələn Renato meneceri ilə birgə gəlib və artıq danışıqlara başlanılıb. Digər yeni futbolçularımız kimi, onunla da ən azı iki illik müqavilə bağlanması nəzərdə tutulub. Mircavadovun Bakıda da sınadığı litvalı müdafiəçi Audrius Veykitusla isə artıq müqavilə bağlamışıq. 29 yaşlı mərkəz müdafiəçisi son mövsümü Vilnüsün “Jalgiris” klubunda keçirib”.
Karyerası boyu yalnız vətənində çıxış edən R.Keyroş ilk dəfə legioner həyatı yaşayacaq. O, Portuqaliyada “Amarante” (1996/97), “Felqueyraş” (1997-2001), “Sanyoarense” (2001/02), “Fakuş Pereyra” (2002-04, 2005-08) və “Uniao Leriya” (2004/05) klublarında çıxış edib. “Xəzər-Lənkəran”ın yeni transferi son klubunda keçirdiyi 5 mövsümdə 79 oyunda 15 qol vurub. 1,74 boya, 74 kiloqram çəkiyə malik R.Keyroş son mövsümdə Portuqaliyanın yüksək liqasında 12 görüşdə iştirak edib və 1 dəfə fərqlənib. 347 dəqiqə meydanda olan hücumçu 1 sarı vərəqə alıb. Son mövsümdə turnir cədvəlində 16 komanda arasında 15-ci yeri tutan “Fakuş Pereyra” yüksək liqanı tərk edib. Belə olan halda, R.Keyroş Azərbaycan Premyer Liqasında çıxış etməyi Portuqaliyanın aşağı divizionunda oynamaqdan üstün tutub. İndiyədək ölkəmizdə portuqaliyalı futbolçu çıxış etməyib.
Qeyd edək ki, “Xəzər-Lənkəran” bunadək iki əcnəbi hücumçu – rumıniyalı Klaudiu Niku Radukanu və braziliyalı Ramalonu transfer edib.
0