“Xəzər-Lənkəran”ın UEFA kubokundakı rəqibi Bakıya sabah gələcək
15.07.2008 - 15:53
“Xəzər-Lənkəran”ın UEFA kubokundakı rəqibi Bakıya sabah gələcək
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Xəzər-Lənkəran” klubunun UEFA kubokunda rəqibi olan Polşanın “Lex” komandası Bakıya sabah gələcək. “APA-Sport” agentliyinin məlumatına görə, Bakı vaxtı ilə səhər saat 10:00-da səfərə başlayan Poznan təmsilçisi təxminən 5 saatdan sonra Azərbaycan paytaxtında olacaq. Ölkəmizə çarter reysi ilə gələn polşalılar hava limanından birbaşa “Şərin” otelinə yollanacaq. Nahardan sonra istirahət edəcək “Lex” futbolçuları saat 18:45-də Tofiq Bəhramov adına Respublika stadionuna yollanaraq 15 dəqiqə sonra başlayan məşqə çıxacaq. Oyundan bir gün əvvəl təxminən bir saat hazırlıq keçəcək qonaqlar iyulun 17-də matçadək istirahət edəcək. Cümə axşamı saat 19:00-da başlayan görüşdən sonra dərhal hava limanına yollanacaq “Lex” gecə 24:00-da havaya qalxacaq təyyarə ilə Bakını tərk edəcək. Qeyd edək ki, UEFA kubokunun birinci təsnifat mərhələsində keçiriləcək “Xəzər-Lənkəran” – “Lex” qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0