Ağasəlim Mircavadov UEFA-ya qarşı çıxır
15.07.2008 - 16:05
Ağasəlim Mircavadov UEFA-ya qarşı çıxır
Onun bildirdiyinə görə, yeni transfer edilən futbolçuları Polşanın “Lex” klubu ilə oyunlar üçün UEFA-ya göndərilən iştirak ərizəsinə daxil edə bilməyəcək. A.Mircavadov bildirib ki, litvalı Audrius Veykitus, portuqaliyalı Renato Keyroş, braziliyalı Ramalo və rumıniyalı Klaudiu Niku Radukanu arasında seçim etməli olacaq: “UEFA-ya göndərilən iştirak ərizəsində 3 boş yerimiz var idi. Zədəli oyunçularımızdan birinin adını çıxarıb, yeni legionerlərin dördünü də sifariş etməyi planlaşdırmışdım. Ancaq AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənovla söhbətdən sonra məlum olur ki, əlavə yalnız bir futbolçunu sifariş edə bilərik. Həsənov bunu avrokuboklarda yeni mövsüm üçün əsasnamənin dəyişilməsi ilə izah edir. Belə ki, UEFA-ya göndərilən ilkin iştirak ərizəsinə maksimum bir yeni futbolçunun adını əlavə etmək mümkündür. Halbuki, əvvəllər belə deyildi və klublar oyuna bir sutka qalmışadək sifariş vərəqəsində dəyişiklik etmək hüququna malik idi”.
A.Mircavadov vurğulayıb ki, UEFA-nın etdiyi yenilik düzgün deyil: “Ötən ay keçirilən Avropa çempionatında da starta bir gün qalmış iştirak ərizəsində dəyişiklik etməyə icazə verilirdi. Yığmalar da zədəli futbolçularının əvəzinə başqalarını sifariş edirdi. Biz də planlarımızı buna uyğun qurub, transferlər etdik və sonda belə gözlənilməz problemlə üzləşdik. Əlbəttə, bunda bizim də günahımız var və səhlənkarlığa yol verilib. Deyilənə görə, UEFA martda keçirdiyi İcraiyyə Komitəsinin iclasında əsasnamədə dəyişiklər edib. Qitə futbol qurumu yeniliklər haqda üzvü olduğu federasiyalara sirkulyar məktublar göndərir. AFFA isə klubları bu haqda məlumatlandırmalı idi”.
61 yaşlı çalışdırıcı A.Veykitusu sifariş etməyi planlaşdırdığını söyləyib: “Bizə hücumçu çox lazım olduğundan, yeni transferlərimizin əksəriyyəti bu mövqedə çıxış edənlərdir. Ancaq cəza və zədə üzündən arxa xətdə ciddi problemlərimiz var. Sərəncamımda cəmi dörd müdafiəçi qalıb və bunu nəzərə alaraq, seçimi Audrius Veykitus üzərində etmək fikrindəyəm”.
0