İlqar Qurbanov: “Diyarbəkirspor”un mənə verəcəyi pulu “Sivasspor”da 1-2 futbolçu alır”
15.07.2008 - 17:17
İlqar Qurbanov: “Diyarbəkirspor”un mənə verəcəyi pulu “Sivasspor”da 1-2 futbolçu alır”
Azərbaycan milli komandasının 22 yaşlı futbolçusu bildirib ki, son bir ildə çıxış etdiyi Sivas təmsilçisindən getməyi qətiləşdirib: “Baş məşqçi Bülənt Uyğunla söhbətim olub. Ona “Sivasspor”da xoşbəxt olmadığımı, İntertoto kubokunun üçüncü mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə görüşlərdə iştirak etmək istəmədiyimi dedim. Uyğun gedişimə əngəl törətməyəcək. Superliqadan iki komanda mənə təklif göndərsə də, məsləhət olan yerə getmək fikrindəyəm. Elə komandada çıxış etmək istəyirəm ki, baş məşqçi mənə güvənib, oynatsın”. İ.Qurbanov Türkiyənin birinci liqasında çıxış etməyə hazır olduğunu söyləyib: “Orada mübarizə Superliqadan da gərgin, maraqlı keçdiyindən niyə də buna razı olmayım? “Diyarbəkirspor” Superliqaya qayıtmağı qarşısına məqsəd qoyub və mən də belə komandada oynaya bilərəm. Üstəlik, klubun prezidenti vaxtilə “Fənərbaxça”ya rəhbərlik edib və bu komandada yer aldığım vaxtdan, yəni uşaqlıdan məni tanıyır. “Diyarbəkirspor”un təklif etdiyi müqavilənin maliyyə tərəfi nəinki Azərbaycan, elə hazırkı klubumdan da qat-qat yaxşıdır. Onu deyə bilərəm ki, “Diyarbəkirspor”un mənə verəcəyi pulu “Sivasspor”da bir-iki əsas futbolçu, kapitan alır. Klub rəhbərliyi Superliqaya qayıtmaq üçün cəlbedici mükafatlar vəd edir”. İ.Qurbanov yeni klubuna tanıdığı futbolçularla birgə keçmək istədiyini vurğulayıb: “Rəhbərliyə bir neçə məsləhət bildiyim oyunçu ilə gəlmək fikrində olduğumu demişəm. Mənimlə yanaşı, “Sivasspor”un üç futbolçusunun da keçidi gündəmdədir. “Diyarbəkirspor”a həmyerlilərimi də gətirmək istəyirəm. Azərbaycandan konkret olaraq, Rəşad Sadıqovu məsləhət bilmişəm. Vaxtilə “Kayserispor”da oynayan Rəşadı Türkiyədə hamı tanıyır. O, “Neftçi” ilə yeni müqavilə bağladığından, keçidi problemdir. Elə digər futbolçularımızın da öz klubları ilə anlaşması olması transferlə bağlı çətinlik yaradır”.
0