Azərbaycan milli komandası “Qalatasaray” və “Fənərbaxça” ilə qarşılaşacaq
15.07.2008 - 17:38
Azərbaycan milli komandası “Qalatasaray” və “Fənərbaxça” ilə qarşılaşacaq
Bakı. Aqşin Əliyev - APA. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” klubları ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. Hər iki komanda ilə oyun U-19-un İstanbul şəhərində keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. B.Əsgərov bildirib ki, yoldaşlıq görüşlərini yerli şirkətlərdən biri razılaşdırıb: “Qalatasaray” və “Fənərbaxça”ya qarşı oyunlar bizi İstanbulda yerləşdirən şirkət tərəfindən təşkil olunub. Milli komandamız hər iki klubun 19 yaşlıları ilə üz-üzə gələcək”. Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv “Qalatasaray”ı iyulun 18-də sınağa çəkəcək. Bundan 3 gün sonra Yəmən yığmasına qarşı mübarizə aparacaq yeniyetmə futbolçularımız iyulun 23-də “Fənərbaxça”lı həmyaşıdları ilə görüşəcəklər. Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyacaq İstanbul toplanışı iyulun 24-də başa çatacaq.
0