“Neftçi” Estoniya yığmasının hücumçusunu bəyənməyib
15.07.2008 - 17:44
“Neftçi” Estoniya yığmasının hücumçusunu bəyənməyib
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “Neftçi” klubu baxışa çağırdığı estoniyalı hücumçu Vladimir Voskoboynikovu bəyənməyib. Estoniya yığmasının üzvü olan 25 yaşlı futbolçu bu gün Moskvaya qayıdıb. “Neftçi” klubunun ukraynalı baş məşqçisi Anatoli Demyanenko “APA-Sport” agentliyinə açıqlamasında hücumçunun səviyyəsi haqda qəti fikir söyləməkdə çətinlik çəkdiyini bildirib: “Voskoboynikov ilk baxışdan pis təsir bağışlamırdı. Yaxşı fiziki göstəriciləri, hündür boyu var, sürəti də normaldır. Ancaq estoniyalı hücumçunu yalnız məşq prosesində görmüşük. Məşqlə oyun arasında fərq böyükdür. İndi elə dövrdür ki, yoxlama matçı keçirməyə imkanımız yoxdur. Vladimiri İntertoto kubokuna sifariş etmədiyimizdən, rəsmi matçda meydana çıxa bilməzdi. Üstəlik, onun “Torpedo” ilə müqaviləsinin müddəti başa çatmayıb ki, bu da keçidlə bağlı əlavə problemdir. Belə olan halda, Vladimiri geri yola saldıq. Səviyyəsi yüksək olan hücumçu transfer etmək istəyirik”.
0