“İnter” klubu Çempionlar Liqasında debütdə heç-heçə edib
16.07.2008 - 10:07
“İnter” klubu Çempionlar Liqasında debütdə heç-heçə edib
“APA-Sport” agentliyinin məlumatına görə, paytaxt təmsilçisi yarışın birinci təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Makedoniyanın “Rabotniçki” klubuna qarşı keçirdiyi oyunda bir xalla kifayətlənib - 0:0. Komandamız görüşdə böyük ərazi üstünlüyünə malik olsa, 90 dəqiqə ərzində “çərçivə”yə cəmi bir zərbə vuran makedoniyalıları məğlub etməyi bacarmayıb. “İnter”in zəif rəqiblə görüşdə hücum xəttindəki problemləri özünü göstərib. Belə ki, ötən mövsüm vurduğu 19 qolla Premyer Liqanın bombardiri olan Xaqani Məmmədovun son məşqdə zədələnməsi onun meydana çıxmasına imkan verməyib. Uruqvaylı Roman Quello da zədəli olduğundan, ön xətdə bütün ağırlıq onun həmyerlisi Valter Quqlemonun üzərinə düşüb. Ancaq matçı əvəzlənmədən keçirən 30 yaşlı hücumçu meydanı qolsuz tərk edib. Elə onun komanda yoldaşları da real qol şanslarından yararlana bilməyiblər. Maraqlıdır ki, “İnter”in baş məşqçisi Valentin Xodukin uzun illər Kiyev “Dinamo”sunda oynamış təcrübəli yarımmüdafiəçi Valentin Belkeviçin xidmətinə ehtiyac duymayıb. Əvəzində digər yeni transferlərdən serbiyalı sol cinah müdafiəçisi Marko Petroviç, moldovalı mərkəz yarımmüdafiəçisi Oleq Şişkin və hücumçu Asif Məmmədov “İnter”ə yardım ediblər.
Qeyd edək ki, Azərbaycan çempionunun “Rabotniçki” ilə cavab görüşü iyulun 22-də Skopyedə baş tutacaq. Qalib gələn tərəf ikinci təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq.
0