Bakı klubları avrokubokların son 7 mövsümündə doğma meydanda uduzmurlar
16.07.2008 - 10:33
Bakı klubları avrokubokların son 7 mövsümündə doğma meydanda uduzmurlar
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanı Çempionlar Liqasında təmsil edən “İnter” Bakı klublarının avrokuboklardakı 7 illik seriyasını davam etdirib. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt futbolçuları qitə miqyaslı yarışda 2001-ci ildən indiyədək doğma meydanda keçirdikləri görüşlərdə uduzmurlar. Yeddi il öncə avqustun 23-də Sloveniyanın “Olimpiya” klubuna 0:3 hesabı ilə uduzan “Şəfa” Bakıda məğlubiyyət acısı dadan son paytaxt komandası kimi tarixə düşüb. Əsgər Abdullayevin yetirmələrinin böyük hesablı məğlubiyyətindən sonra “Neftçi” 7, “Bakı” və “İnter” (varisi olduğu “Xəzər Universiteti” də nəzərə almaqla) isə hərəyə 3 dəfə paytaxtda keçirilən avrokubok matçında uduzmayıb. Çempionlar Liqası 2008/09 mövsümünün birinci təsnifat mərhələsində “Rabotniçki”ni (Makedoniya) sınağa çəkən “İnter”in qolsuz heç-heçəsinin ardından Bakı klublarının 7 ildəki məğlubiyyətsiz oyunlarının sayı 13-ə çatıb. Bundan başqa, son 3 qarşılaşmada paytaxtımıza təşrif buyuran qonaqlar qol vura bilmirlər.
0