“Bakı” “Lex” klubunu böyük hesabla məğlub edib
16.07.2008 - 12:37
“Bakı” “Lex” klubunu böyük hesabla məğlub edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Polşanın “Lex” klubu tarixində dördüncü dəfə Azərbaycan təmsilçisi ilə görüşəcək. “APA-Sport” agentliyinin məlumatına görə, sabah UEFA kubokunun birinci təsnifat mərhələsində “Xəzər-Lənkəran”ın rəqibi olan Poznan təmsilçisi üç il əvvəl İntertoto kubokunda komandamızı mübarizədən kənarlaşdırıb. “Karvan”a hər iki oyunda (2:0, 2:1) qalib gələn “Lex” kimi digər Polşa klubları da avrokuboklarda təmsilçilərimizi üstələyib. “Xəzri” – “Qutnik” (0:9, 2:2), “Neftçi” – “Vidzev” (0:2, 0:8), “Kəpəz” – LKS (1:4, 1:3), “Viləş” – “Zaqlebiye” (0:4, 1:3), “MKT-Araz” – “Qrotslin” (0:0, 0:1) qarşılaşmalarında da mərhələni polşalılar keçib. Bu ölkə təmsilçiləri ilə 12 matçda cəmi iki heç-heçə edən klublarımız avrokuboklar tarixində aldığı ən böyük yenilgilərə “Qutnik” və “Vidzev”lə oyunlarda üzülüb. Azərbaycan və Polşa klubları təlim-məşq toplanışlarında olarkən dəfələrlə yoxlama oyunlarında da üz-üzə gəlib. Sabah Tofiq Bəhramov adına Respublika stadionuna çıxacaq klublar da belə matçlarda iştirak edib. “Xəzər-Lənkəran” yarım il əvvəl Polşanın “Zaqlebiye” klubu ilə məhsuldar heç-heçə (2:2) etməklə, bu ölkənin oyun üslubuna bələd olub. “Lex” isə komandamızın gücünə 2006-cı ilin yanvarında şahid olub. Türkiyə toplanışı dövründə “Bakı” ilə qarşılaşan poznanlılar hesabın 0:3 olduğunu görüb matçın 70-ci dəqiqəsində hakimlə mübahisəni bəhanə gətirib meydanı tərk edib. Həmin matçda “Lex”ə vurulan 3 qoldan ikisini Vadim Vasilyev, birini isə Ramazan Abbasov vurub.
Qeyd edək ki, “Xəzər-Lənkəran” indiyədək avrokuboklarda keçirdiyi 4 oyunda qələbə qazana bilməyib.
0