Qazla qaz, topla top arasında
16.07.2008 - 16:37
Qazla qaz, topla top arasında
…Yanımda oturan orta yaşlı azarkeş yanında oturan yaşlı bir azarkeşdən soruşdu: “Bunlar necə çempion olublar ki, bir dənə sınıq-salxaq makedon komandası ilə bacarmırlar”. Həmin o yaşlı azarkeş həmin o orta yaşlı sual sahibinə baxıb susmaqla başını bulayınca, “diliuzunluq” etməli oldum: “Bunlar öz komandalarımıza qarşı oynadığı oyunu başqalarına qarşı göstərmir”. Bilmədim, cavabım sual sahibini qane etdi, ya yox. Başını bulayıb “Rabotniçki”nin müdafiə xəttində deşik (yaxşı, olsun dəlmə-deşik) axtaran “İnter” futbolçularının yarımənalı, yarımənasız hücumlarına baxmaqda davam etdi.
Anatoli Demyanenko nə qədər sakit, hətta bizim bəzi qələm sahiblərinin dediyi kimi, üzüyumşaq, qorxaq məşqçi olsa da, məşqçiyə oxşayır. Adam “Nitra” ilə “Jerminal”ı yanı üstə qoyub və indi Rumıniyanın “Vaslui” klubunun “torba”sını hansı “iynə” ilə tikmək barədə düşünür. Sizə söz verirəm: Demyanenkonun “Neftçi”si rumınlara da gücünü göstərəcək. Ola bilsin ki, “ağ-qaralar” bəlkə bu mərhələni də keçib UEFA kubokuna vəsiqə qazana bilməyəcək. Amma ən azı “Rabotniçki”nin müdafiə xətti önündə başını itirən “İnter” kimi yarıtmaz komanda təsiri bağışlamayacaq.
…Xodukin də Demyanenko kimi məşqçidir. Hələ desən, yerlisindən fərqli, Azərbaycan Premyer-Liqasının ilk çempionu etiketini də sinəsinin üstünə yapışdırıb. Amma qazla qaz, topla top arasında (bənzətmə üçün daha münasib zad tapmadım) fərq nə qədər böyükdürsə, Xodukinlə Demyanenko arasında da bir o qədər fərq var. Eynən futbol topu ilə 41-45-dəki müharibə topları arasındakı fərq qədər...
...Çünki cənab Xodukin rəqib qapısına onsuz da mənasız hücumlar edən “İnter”in hücumlarının başına etdiyi mənasız əvəzetmələrlə daş saldı. Qardaşım, mən bu Asif Məmmədovu “Ədliyyə”də görmüşdüm. “Ədliyyə” özü bir komanda olmadığı kimi futbolçuları da elə bir şey deyildi. İndi cənab Xodukin həmin “Ədliyyə”nin həmin Məmmədovunu dartıb meydana salır ki, get məni xilas elə. Guya, o biri əvəzetmələr nəyisə dəyişdi ki? Mahmud Qurbanov, Emin İmaməliyev meydanda olanda “İnter” az-çox Azərbaycan çempionuna oxşayırdı…
Mən bir şeyi bilirəm: “Neftçi” “Vaslui”ni, “Xəzər-Lənkəran” “Lex”i, “Olimpik” də “Voyvodina”nı keçməyə bilər. Bir az biz tənqid edərik, bir az da azarkeşlər söyər, keçib gedər. Amma “İnter” “Rabotniçki”ni keçməsə… Makedoniyanın bu sınıq-salxaq, yarı ölü, yarı diri komandası “bankirlər”i “ofsayd”da qoysa, bunun günahı cənab Xodukinin çempionluq etiketini yapışdırdığı sinəsinə yazılacaq. Ona görə ki, adam bacardığı işin altına girər, cənab Xodukin müəllim (yeri gəlmişkən, mən iyulun 15-də Xodukinin cəmiyyətə məşqçidənsə, müəllim kimi daha çox xeyir verə biləcəyinə bir daha inandım).
…Yanımda oturan yaşlı və orta yaşlı azarkeşlərə “İnter”in “çempionluq tarixindən” danışmaq istədim. Amma Xodukinin baş arenanın geniş qazonuna qoyduğu “sənət əsəri”nə rahat tamaşa edə bilsinlər deyə susdum. Elə oyuna baxa-baxa düşündüm ki, səhəri bir yazı yazacam və “İnter”in “Rabotniçki”ylə nə edib-etməyəcəyindən asılı olmayaraq, Xodukini istefaya səsləyəcəm. Bax belə: gedin, cənab Xodukin, siz çox yaxşı müəllim ola bilərsiz.
0