Ağasəlim Mircavadov: “Lex”i məğlub edəcəyimizə inanıram”
16.07.2008 - 16:46
Ağasəlim Mircavadov: “Lex”i məğlub edəcəyimizə inanıram”
Onun sözlərinə görə, braziliyalı yarımmüdafiəçi Juninyo Osvaldonun hələ Avstriyadakı hazırlıq prosesində zədə problemi olub: “Onu Zalsburqda yoxlama matçında zədə probleminə görə əvəzləmiş və bir müddət istirahət vermişdim. Osvaldonun trenajor zalında axsadığını gördüm. Bu gün aparılan müayinə futbolçumuzun əzələsini dartdığını aşkara çıxardı. Heyətdəki itkilərə baxmayaraq, sabah meydana çıxıb, “Lex”i yenməliyik. Osvaldonu Ceyhun Sultanovla əvəzləyəcəyimi hələ dəqiqləşdirməmişəm. Heyətlə bağlı iki variantı götür-qoy edirəm. Bu, ya iki hücumçu ilə oynamaq, ya da bir hücumçunu buraxmaq və cinah yarımmüdafiəçilərinə üstünlük verməkdən ibarətdir”. 61 yaşlı mütəxəssis Polşa futbolçularını Azərbaycan üçün arzuolunmaz rəqib sayır: “Təsadüfi deyil ki, indiyədək nə yığma, nə də klub səviyyəsində bu ölkəni yenmişik. Polşalılar güc futboluna, kollektiv oyuna üstünlük verirlər. “Lex”in Avro-2008-də Polşa yığmasında yeganə oyunçusu olan Rafal Muravskinin yoxluğu xeyrimizədir. Çünki rəqibimizin hücumları əsasən bu yarımmüdafiəçinin üzərində qurulurdu. İstənilən halda, “Lex”in hər xəttində yaxşı oyunçular var”. A.Mircavadov həm polşalıları məğlub etməklə, həm “Xəzər-Lənkəran”ın avrokuboklarda qələbə qazanmaqla bağlı uğursuzluq sindromuna son qoymaq fikrindədir: “Son günlərdə taktiki hazırlığa xüsusi fikir veririk. Cinahlarda oyunumuzun necə alınmasından çox şey asılı olacaq. “Lex”i yaxşı təhlil edib, zəif cəhətlərini özümüz üçün müəyyənləşdirmişik. Rəqibin müdafiə xətti zəifdir, bu mövqedə çıxış edənlər ləngdirlər. Bundan istifadə etməyimiz lazımdır və bunun üçün sürətli oyuna üstünlük verməliyik. Öz meydanımızda mütləq qələbə qazanıb, üstünlük əldə etməliyik. Ciddi problemlərimiz olsa da, nikbinliyimi itirmirəm. “Lex”i məğlub edəcəyimizə yenə inamım böyükdür”.
0