Qurban Qurbanov “Neftçi” klubundan ayrılmasının səbəblərini açıqladı
17.07.2008 - 11:57
Qurban Qurbanov “Neftçi” klubundan ayrılmasının səbəblərini açıqladı
Ötən ilin sentyabrında paytaxt təmsilçisinin baş məşqçisi postundan getdikdən sonra idman direktoru təyin edilən Q. Qurbanov budəfəki istefasına belə izah verib: “Şəxsi işlərimin çoxluğu ilə əlaqədar getməyi qərara aldım. Özü də bunu Vəli Qasımovun təyinatına qədər qəbul etmişdim. Onun “Neftçi”yə gətirilməsini müsbət qarşıladım. Qasımova uğurlar arzulayıram. Özümə gəlincə, məşqçilik təhsilimin artırılması ilə bağlı yenə xaricə səfərim olacaq. Qışda olduğu kimi, Rusiyanın “Saturn” klubunun düşərgəsinə yollanmağı planlaşdırıram”. Q.Qurbanov 14-15 ay çalışdırdığı komandanın UEFA kubokuna yüksəlməsini real sayıb. O, vaxtilə görüşdüyü Rumıniyanın “Vaslui” klubunu güclü rəqib hesab edir: “Ötən yay viza problemləri ilə əlaqədar “Neftçi”nin Avstriyadakı hazırlıq prosesinə gec qoşuldum. Elə “Vaslui” ilə oyun öncəsi gəlib çıxmışdım. Rumınlar bizi 3:2 hesabı ilə məğlub etdikləri yoxlama matçında yaxşı təsir bağışladılar. Maraqlı komandadır, heyətində fərdi oyun keyfiyyətləri ilə seçilən futbolçular yetərincədir. Bununla belə, “Neftçi”nin şanslarını yüksək qiymətləndirirəm. Komandamız hazırda yüksəlişdədir, futbolçularımızda özünəinam hissi xeyli artıb. İnanıram ki, “Neftçi” Slovakiyanın “Nitra” və Belçikanın “Jerminal” klublarının ardınca “Vaslui”ni də keçəcək”.
Qeyd edək ki, “Neftçi” ötən il Q.Qurbanovun rəhbərliyi altında gümüş medal və UEFA kubokuna vəsiqə qazanıb.
0