“Neftçi” klubunun rəqibi transferlərə 2,5 milyon avro xərcləyib
17.07.2008 - 12:43
“Neftçi” klubunun rəqibi transferlərə 2,5 milyon avro xərcləyib
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun İntertoto kubokunun üçüncü mərhələsindəki rəqibi olan Rumıniyanın “Vaslui” komandası yeni transferlərə 2,5 milyon avro xərcləyib. “APA-Sport” agentliyinin məlumatına görə, ötən mövsüm Rumıniya çempionatını 7-ci yerdə başa vuran komanda bu məbləğə doqquz yeni futbolçu alıb. Bunlardan dördü yerli, beşi əcnəbidir.
Heyətdə cəlb edilən rumıniyalılar müdafiəçilər Qabriel Kinu ilə Daniel Muntyanu, yarımmüdafiəçi Marian Aliuta və hücumçu Lusian Burduyandır. 30 yaşlı D.Muntyanu yarım il şərəfini qoruduğu “Xəzər-Lənkəran”ın heyətində sonuncu oyununu birigün yenidən çıxacağı Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”yə qarşı keçirib. 2006-cı ilin mayında keçirilən həmin matç 2:2 hesabı ilə başa çatıb. Komandanın yeni legionerləri slovakiyalı Duşan Kusyak, fransalı Jülyen Fransua, bolqarıstanlı Stanislav Gençev, çernoqoriyalı Nemanya Yovanoviç və perulu Rayan Salazardır. “Vaslui”nin baş məşqçisi Bakıya gətirəcəyi heyətə bu legionerlərdən qapıçı D.Kusyak, yarımmüdafiəçi S.Gençev və hücumçu N.Yovanoviçi daxil edib. Yayda V.Hizo və 9 futbolçunu “Vaslui”yə gətirən klubun sahibi Adrian Porumbou xəsislik etməyi düşünmür: “Mən həmişə yüksək liqa klubları arasında böyük pullar xərcləmişəm. Bunu ilk növbədə ona görə edirəm ki, futbolçular maliyyə baxımdan özlərini pis hiss etməsinlər”.
0