“İnter” klubunun Çempionlar Liqasında mərhələ keçmək şansı 25 faizdir
17.07.2008 - 15:34
“İnter” klubunun Çempionlar Liqasında mərhələ keçmək şansı 25 faizdir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubunun Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxış etmək şansı cəmi 25 faizdir. “APA-Sport” agentliyinin məlumatına görə, öz meydanında Makedoniya “Rabotniçki”si ilə 0:0 hesablı heç-heçə edən təmsilçimiz mərhələni adlamaq üçün İngiltərənin “Arsenal” komandasının uğurunu təkrarlamalıdır. Çempionlar Liqasının ötən mövsümkü turnirinin iki matçdan ibarət qarşılaşmalarında 7 dəfə ilk oyun qolsuz bitib. Öz meydanında qol vurmadan heç-heçə edən komandalardan yalnız “Arsenal” səfərdə İtaliya “Milan”ına qalib gələrək, yarımfinala çıxmışdı. Son üç ilin statistikasına nəzər salanda isə “İnter”in mərhələ keçmək şansının 25 faiz olduğu görünür. Belə ki, 2005-2008-ci illərdə 16 dəfə ilk oyun 0:0 hesabı ilə nəticələnib. Bu cütlərdən yalnız 4-də ilk oyunun meydan sahibi cavab matçında istədiyi nəticəni (bir dəfə səfər qolu, bir dəfə penaltilər hesabına olmaqla da) qazana bilib.
Qeyd edək ki, “Rabotniçki” – “İnter” cütünün qalibi ikinci təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə üz-üzə gələcək.
0