“Çelsi” Robinyoya 60 milyon avro təklif edib
17.07.2008 - 16:20
“Çelsi” Robinyoya 60 milyon avro təklif edib
Bakı - APA-Sport. İngiltərənin “Çelsi” klubunun rəhbərliyi mövsümlərarası fasilədə daha bir supertransfer reallaşdırmaq niyyətindədir. “APA-Sport” agentliyinin məlumatına görə, londonlular Braziliya yığmasının və Madrid “Real”ının üzvü Robinyo ilə maraqlanırlar. Bir neçə gün öncə “Barselona”nın portuqaliyalı yarımmüdafiəçi Dekunu heyətinə cəlb edən “Çelsi” Robinyonun transferi üçün 60 milyon avro xərcləməyə hazırdır. 24 yaşlı braziliyalı futbolçu BBC-yə müsahibəsində karyerasını İngiltərədə davam etdirmək istədiyini gizlətməyib: “Luis Felipe Skolari kimi mütəxəssisin komandasında oynamaq mənim üçün yuxularımın gerçəkləşməsi deməkdir”. Bundan başqa, “Çelsi”dən “İnter”ə keçəcəyi barədə söz-söhbət yayılan Frank Lempardın komandada qalacağı dəqiqləşib. Təcrübəli yarımmüdafiəçiyə həftədə 170 min avro maaş veriləcək.
Qeyd edək ki, bu yaxınlarda “Çelsi”nin futbolçu heyəti ilə yanaşı, məşqçilər korpusunda da dəyişiklik olub. Mayda istefaya göndərilən baş məşqçi Avraam Qrantın vəzifəsi Avropa çempionatından dərhal sonra Portuqaliya yığmasından ayrılan Luis Felipe Skolariyə tapşırılıb.
0