“Lex” Azərbaycan klublarının 1093 günlük məğlubiyyətsiz oyunlar seriyasını qırıb
18.07.2008 - 11:02
“Lex” Azərbaycan klublarının 1093 günlük məğlubiyyətsiz oyunlar seriyasını qırıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı klublarının avrokuboklar çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda məğlubiyyətsiz oyunlar seriyası qırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, komandamız Respublika stadionunda keçirdiyi qitə miqyaslı görüşdə üç ildir uduzmurdu. 1093 gün davam edən seriyaya “Xəzər-Lənkəran”ı minimal hesabla yenən (1:0) Polşanın “Lex” klubu son qoyub. Maraqlıdır ki, sonuncu dəfə Respublika stadionunda avrokuboklarda uduzan elə Lənkəran təmsilçisi olub. Həmin vaxt da UEFA kubokunda mübarizə aparan cənublular 2005-ci ilin iyulun 20-də Moldovanın “Nistru” klubuna 1:2 hesabı ilə uduzub. Komandamızı həmin dövrdə hazırda “Qarabağ”ı çalışdıran türkiyəli mütəxəssis Rasim Kara rəhbərlik edib. Son üç ildə Respublika stadionunda avrokubok oyunu keçirən “Bakı”, “Neftçi” və “MKT-Araz” məğlub olmamışdı. Avropa miqyasında keçirdiyi 5 oyunda qələbə qazana bilməyən “Xəzər-Lənkəran” meydanı qol buraxmadan tərk etmir. Baş məşqçi Ağasəlim Mircavadov isə avrokuboklarda Bakıda 7 ildir məğlub olmurdu. Təcrübəli mütəxəssis Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Uelsin “Barri Taun” klubuna da Respublika stadionunda 0:1 hesabı ilə yenilmişdi. Klublarımızın qitə miqyaslı turnirdə sonuncu məğlubiyyəti isə iki il öncəyə təsadüf edir. Belə ki, “Karvan” 2006-cı il avqustun 10-da UEFA kubokunun ikinci təsnifat mərhələsi çərçivəsində Çexiyanın “Şlaviya” klubuna “Şəfa” stadionunda 0:2 hesabı ilə uduzub. 14 ildir UEFA kubokunda çıxış edən klublarımız bu turnirdə yalnız bir dəfə “Karvan”ın sayəsində mərhələ adlayıb.
Qeyd edək ki, avrokuboklarda 100 oyunluq səddini dünən arxada qoyan Azərbaycan artıq 101 görüş keçirib.
0