Draqolyub Bekvalaç: “Olimpik” vaxt uzatmaqla məşğul idi”
18.07.2008 - 11:23
Draqolyub Bekvalaç: “Olimpik” vaxt uzatmaqla məşğul idi”
Novi Sad. Mehman Süleymanov - APA-Sport. “Futbolçularıma heç bir iradım yoxdur. Biz layiqli qələbə qazandıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Bakının “Olimpik” klubunu UEFA kubokunda məğlub edən Serbiyanın “Voyvodina” komandasının baş məşqçisi Draqolyub Bekvalaç deyib. Novi Sad şəhərində keçirilən oyunda minimal hesabla qələbə qazanan (1:0) serbiyalı mütəxəssis üstünlüyün az olmasına görə ruhdan düşmür: “Əslində, daha böyük hesabla qələbə qazanmalı idik. Hər halda, qol vurmaq üçün çoxlu imkanlarımız vardı. Təəssüf ki, bundan istifadə edə bilmədik. İstənilən halda, bu da qələbədir və Bakıya üstünlüklə yollanacağıq”.
“Olimpik”in iyulun 31-də Bakıda əvəz çıxmağa çalışacağını deyən D.Bekvalaç komandamızın səfərdəki oyununu belə xarakterizə edib: “Olimpik” klassik oyun nümayiş etdirdi. Matç ərzində daha çox müdafiə olunan bu komanda əsasən əks-hücumlara bel bağlayırdı. Görüşün sonunda isə rəqibimiz vaxt uzatmaqla məşğul idi və buna nail oldu”.
0