Ağasəlim Mircavadov Əziz Yıldırımla nəyi müzakirə edib?
18.07.2008 - 16:31
Ağasəlim Mircavadov Əziz Yıldırımla nəyi müzakirə edib?
Bakı. Mehman Süleymanov - APA-Sport. “Lex”lə oyunumuzu Türkiyədən izləməyə gələn qonaqlarla görüşdüm. “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla 5-10 dəqiqə də olsa söhbətləşdim”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Klubun yaradıcısı, sahibi və fəxri prezidenti Mübariz Mənsimovla birgə Türkiyədən gələn qonaqlarla görüşündən razı qaldığını bildirən 61 yaşlı mütəxəssis “Fənərbaxça” ilə gələcək əməkdaşlığa ümid edir: “Görüşdə futbolun səviyyəsinin qalxması yönündə dəyərli fikirlər səsləndi. Bizə dəstək olan Əziz Yıldırım məğlubiyyətə görə üzülməməyə tövsiyə etdi. Mənsimovla Yıldırım uzun illərdir bir-birini tanıyırlar, dostdurlar. Bu, “Xəzər-Lənkəran”la “Fənərbaxça” ilə gələcək əməkdaşlığa zəmin yarada bilər və bunu müxtəlif formada edib, yararlanmaq olar. Yıldırımla gələcək əməkdaşlıqla fikir mübadiləsi apardıq. “Xəzər-Lənkəran” – “Lex” görüşünü izləməyən gələn Oktay Dərəlioğlunun əlaqələrindən da faydalanmaq mümkündür. O, tanınan futbolçudur və oyunçu seçimində bizə kömək etmək iqtidarındadır. Bu mənada Oktay menecer kimi yardımçı ola bilər”.
“Xəzər-Lənkəran”da milli çempionatımızda gümüş medal qazandığı debüt mövsümündə (2004/05) çıxış edən 33 yaşlı Oktay Dərəlioğlu artıq futbolçu karyerasını başa vurub və gələn ay vətənində vida oyununu keçirəcək. Yaxşı tanıdığı M.Mənsimovla söhbətində “Xəzər-Lənkəran”da menecer kimi işləmək təklifini alan keçmiş hücumçu bunu reallaşdırmaq fikrindədir.
0