Yaxşı ki, “Neftçi” var
18.07.2008 - 17:03
Yaxşı ki, “Neftçi” var
Turnirdə ardıcıl 5-ci oyununu keçirəcək dördqat ölkə çempionumuzu avrokubokların debütantı Rumıniyanın “Vaslui” klubu ilə görüş gözləyir. Vaslui şəhərinin eyniadlı təmsilçisi qitə miqyaslı turnirdə ilk oyununu məhz “Neftçi”yə qarşı keçirəcək. Ölkə çempionatında ötən mövsüm 7-ci yeri tutan rumınlar bir il öncə flaqmanla görüşüb. Avstriyadakı hazırlıq prosesində keçirilən yoxlama matçı “Vaslui”nin 3:2 hesablı qələbəsi ilə nəticələnmişdi. Həmin matçda hər iki qolumuzun müəllifi gürcüstanlı hücumçu Georgi Adamiya olub.
İki mərhələ adlayan ilk klub kimi futbol tariximizə düşən “Neftçi” İntertoto kubokunun oyunlarında meydanı qolsuz tərk etməyib. Komandamız avrokuboklarda əvvəlki mövsümləri də nəzərə alaraq, artıq 5 oyundur ardıcıl qələbə qazanır. Flaqman Tofiq Bəhramov adına Respublika stadionunda “Hafnarfyordur”la (İslandiya) “Nitra”nı (Slovakiya) 2:0, “Rid”i (Avstriya) 3:1, Belçikanın “Anderlext” və “Jerminal” klublarını 1:0 hesabı ilə məğlub edib. Ümumilikdə, 9 ildir Bakıda uduzmayan “Neftçi” İntertotonun qaliblərindən biri kimi UEFA kubokuna yüksəlmək iddiasındadır. Bu mənada qələbə seriyasının davam etməsi bir həftə sonra səfərdə keçiriləcək cavab görüşü öncəsi üstünlük qazanmaq baxımından vacibdir. İntertotonun 22 finalçısından biri olan “Neftçi” sabahkı oyunda əsas müdafiəçilərindən olan Rail Məlikovun xidmətindən istifadə edə bilməyəcək. Azərbaycan milli komandasının da üzvü olan 23 yaşlı sağ cinah müdafiəçisi cəzalıdır. Belə olan halda, komandamızın ukraynalı baş məşqçisi Anatoli Demyanenkonun Ruslan Abbasovun xidmətindən yararlanacağı gözlənilir.
Sabah saat 21:00-də başlayacaq və Az.TV ilə canlı yayımlanacaq “Neftçi” - “Vaslui” oyununu İqor Yeqorovun başçılıq etdiyi rusiyalı hakimlər idarə edəcək. Ehtiyat hakim Əfqan Həmzəyev olacaq.
0