Anatoli Demyanenko: “Vaslui” ilə oyunda xarakter göstərməliyik”
18.07.2008 - 17:39
Anatoli Demyanenko: “Vaslui” ilə oyunda xarakter göstərməliyik”
Onun sözlərinə görə, turnirin üçüncü mərhələsində görüşəcəkləri “Vaslui”nin avrokuboklar təcrübəsinin olmaması komandasına hansısa üstünlük vermir: “Rəqibimiz qitə miqyaslı turnirin debütantı olsa, futbol ölkəsi olan Rumıniyanı təmsil edir. Rumınlar isə güclü rəqibdir və meydanda göstərdikləri oyunla yüksəlişdə olduqlarını təsdiqləyirlər. Belə rəqiblə oyunda xarakter göstərməliyik. “Vaslui” ilə oyunda əzmkarlıq, meydanda fədakarlıq nümayiş etdirməklə, qələbəyə bel bağlamaq olar. Təbii ki, öz meydanımızda qalib gəlməliyik və bunu gerçəkləşdirə biləcəyimizə inamım böyükdür. Adətən baş məşqçinin qələbəyə inamı futbolçulara da sirayət olunur”. Proqnoz verməyi xoşlamadığını deyən A.Demyanenko ötən ay keçirilən Avropa çempionatından misal çəkib: “Simpatiya bəslədiyimiz, futbolçu karyeramın dövründə 20 il öncə Avropa çempionatının finalında uduzduğum Hollandiyanın Rusiyaya uduzacağını, İtaliyanın da ¼ finalda mübarizəni dayandıracağı gözlənilməz oldu. Yaxud, turnirin aşkar favoritlərindən olan Fransanın qrupda sonuncu yer tutacağını kim gözləyərdi? Buna görə də futbolun gözlənilməz olması ilə bağlı fikrimi bir daha bildirirəm. Oyundan əvvəl çox şey danışmaq olar. Ancaq nəticəni meydandakı mübarizə göstərəcək. Həm də xal qazanmaqla, reytinqi yüksəltməliyik. “Xəzər-Lənkəran”la “Olimpik”in UEFA kubokunda uduzması bu baxımdan pisdir. Düzdür, “Xəzər-Lənkəran”ın rəqibi olan Polşanın “Lex” klubunun çox güclü olduğunu deməliyəm. Hər halda, xal ehtiyatını artırmaqla, təmsil etdiyin ölkənin UEFA-nın reytinqində mövqeyini yaxşılaşdırmaq lazımdır”.
0