“Rabotniçki” – “İnter” matçı İsrail hakimlərinə tapşırıldı
19.07.2008 - 11:21
“Rabotniçki” – “İnter” matçı İsrail hakimlərinə tapşırıldı
“APA-Sport” agentliyinin məlumatına görə, iyulun 22-də Skopyedə Bakı vaxtı ilə 20:00-da başlayacaq oyunu FİFA hakimi Asaf Kenan (İsrail) idarə edəcək. Ona həmyerliləri Danni Krasikov, Eytan Qrinberq və Eytan Tbrizi yardımçı olacaq. İsrailli hakimlərin idarəçiliyinə almaniyalı hakim-inspektor Diter Paul qiymət verəcək. Görüşün UEFA nümayəndəsi slovakiyalı Qabriel Veyss təyin olunub.
2003-cü ildən FİFA hakimi olan 40 yaşlı A.Kenan bundan əvvəl də Azərbaycan klubunun ÇL-də oyununu idarə edib. O, 2004-cü ilin iyulunda “Neftçi”nin turnirin ikinci mərhələsində Moskvanın MOİK klubu ilə Bakıdakı görüşündə baş hakim olub. Ötən il də ölkəmizə səfər edən A.Kenan bu dəfə yığmamızın Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi görüşdə hakimlik edib. İsrailli milli komandamızın 2008-ci il Avropa çempionatının seçmə mərhələsində son oyununda – Belçika ilə noyabrda keçirdiyi matça baş hakim təyin olunub. A.Kenanın idarə etdiyi oyunlarda komandalarımız nəinki qələbə qazanıb, heç qol da vura bilməyib. “İnter”in əsas oyun qurucusu olan Mahmud Qurbanov üçüncü dəfə A.Kenanın idarə etdiyi görüşün iştirakçısı olacaq. 35 yaşlı yarımmüdafiəçi həm “Neftçi”nin, həm də milli komandamızın heyətində israilli hakimlə görüşüb və heç bir halda cəzalanmayıb.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın UEFA kuboku çərçivəsində iyulun 31-də Polşada “Lex” klubu ilə cavab görüşünü də israilli hakimlər idarə edəcək.
0