Cəlal Kolot: “Mübariz Mənsimov bizi bir günün içində satdı”
19.07.2008 - 12:46
Cəlal Kolot: “Mübariz Mənsimov bizi bir günün içində satdı”
“APA-Sport” agentliyinin Türkiyə mətbuatına istinadən məlumatına görə, görüş Bodrum hava limanında baş tutub. Y.Dəmirörən “Beşiktaş”ın prezidentliyinə namizədliyini irəli sürəcəyi gündəmə gələn M.Mənsimovla bir sıra məsələləri müzakirə edib. Görüşdən sonra jurnalistlərlə söhbətləşən Y.Dəmirörən bunları deyib: “Mənsimov yeni seçiləcək rəhbərliyə dəstək vermək istəyir. Xeyirli olsun! Klubumuzun prezidentliyinə namizədlərin ortaya çıxması “Beşiktaş”ın böyüklüyünü göstərir. Mənsimovla dərdləşdik, problemlərdən danışdıq. O, mənə dedi ki, kluba hər cür dəstək və yardım göstərəcək”. Bununla belə, “Beşiktaş” prezidenti gələcəkdə heç kimə möhtac olmayacaqlarını söyləyib: “Klubumuzu daha yaxşı idarə etmək istəyən ortaya çıxmalı və namizədliyini irəli sürməlidir. İndiyədək iki dəfə konqres keçirildi, amma bir namizəd belə gözə dəymədi. Biz doğru yoldayıq. “Beşiktaş” gələcəkdə heç kimə möhtac olmayacaq”.
M.Mənsimovun Y.Dəmirörənlə görüşü Türkiyədə birmənalı qarşılanmayıb. “Beşiktaş”ın sabiq rəsmisi, M.Mənsimova yaxınlığı ilə seçilən Cəlal Kolot həmvətənimizi vəfasızlıqda günahlandırıb: “Beşiktaş”ın gələcəyi üçün gözəl planımız var idi. Yeganə məqsədimiz ondan ibarət idi ki, borcları ödəyib “Beşiktaş”ı dünya səviyyəli kluba çevirək. Bu xəyallar pulla gerçəkləşə bilər. Mənsimov rəhbərlikdə yer alacağı təqdirdə, klubun inkişafı üçün öncə 50 milyon, bundan bir il sonra isə daha 100 milyon avro verəcəyini bildirmişdi. Biz bu sözlərə inanaraq, fəaliyyətə başlamışdıq. Təəssüf ki, yola çıxdığımız insanları tanımamışıq. O, bizi bir günün içində satdı”.
Qeyd edək ki, “Beşiktaş”ın prezidenti uğrunda seçki 2010-cu ildə keçiriləcək. Klubun nizamnaməsinə əsasən, M.Mənsimov namizədliyini irəli sürə bilməz. “Palmali” Şirkətlər Qrupunun rəhbəri “Beşiktaş”ın İdarə Heyətinə yeni seçildiyindən prezident postuna iddia göstərməsi qeyri-mümkündür.
0