“Neftçi” klubunun rəqibi İntertoto kubokunda qanunsuz oynayır
22.07.2008 - 10:27
“Neftçi” klubunun rəqibi İntertoto kubokunda qanunsuz oynayır
Ölkə çempionatında 7-ci yeri tutmaqla, İntertoto kubokuna vəsiqə qazanan “Vaslui” komandasının buna qeyri-qanuni yolla nail olduğu üzə çıxıb. Aprelin 26-da keçirilən 32-ci turun oyununda “Panduri” klubuna 1:0 hesabı ilə qalib gələn vasluililər legioner limitinə əməl etməyib. Həmin matçda 5 yox, 6 əcnəbi futbolçunun meydana çıxmasına görə “Panduri” ilə yanaşı, “Otselul” rəhbərliyi də narazıdır. “Vaslui” klubundan bir xal geri qalan “Otselul” 7-ci yerin onlara verilməsi üçün Rumıniya Futbol Federasiyasına şikayət edib. “Panduri”, “Otselul” və “Vaslui”nin prezidentləri Marin Kondesku, Marius Stan və Adrian Porumboi arasında yaşananlara federasiya rəhbərliyi də münasibət bildirib. Federasiya prezidenti Mirça Stan narazılığın haqlı olduğunun təsdiqləndiyini, lakin rəsmi şikayətin daxil olmasınadək hər hansı qərarın verilməyəcəyini söyləyib. M.Stan, həmçinin İntertoto kubokuna vəsiqə verən 7-ci yerin “Vaslui” komandasından alınmasının mümkünlüyünü də deyib.
Qeyd edək ki, İntertoto kubokunun üçüncü mərhələsinin ilk görüşündə “Neftçi” iyulun 19-da “Vaslui” klubunu 2:1 hesabıyla məğlub edib. Cavab matçı iyulun 26-da Rumıniyada keçiriləcək.
0