Vlastimil Petrjela xəstəxanadan çıxıb
22.07.2008 - 11:26
Vlastimil Petrjela xəstəxanadan çıxıb
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun çexiyalı sabiq baş məşqçisi Vlastimil Petrjelanın səhhəti yaxşılaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, az öncə ağır vəziyyət xəstəxanaya yerləşdirilən 55 yaşlı çexiyalı mütəxəssis artıq özünü gümrah hiss edir: “Sağlamlığımdakı problemlər arxada qalıb. Artıq hər şey qaydasındadır. Sadəcə, Ulyanovska uzun yol, iki təyyarə dəyişmək və demək olar üç saat avtomobillə yol getmək orqanizmimi pisləşdirdi”. Rusiyanın Ulyanovsk şəhərinə yerli “Volqa” klubu ilə danışıqlara yollanan “Neftçi”nin sabiq çalışdırıcısı artıq vətəninə dönüb. V.Petrjela tanışlıq xarakteri daşıyan səfərinin ona xoş təəssürat oyatdığını söyləyib: “Volqa” klubunun rəhbərliyi, habelə bəzi nüfuzlu şəxslərlə görüşüm oldu. Komandanın özünə də simpatiyam yarandı. Orada çoxlu gənc futbolçular yer alıb. Konkret heç nə deyə bilmərəm. İndi evə qayıdıb, Ulyanovskdan zəng gözləyirəm”. Rusiya çempionatında birinci divizionunda çıxış edən “Volqa” ilk dövrədən sonra 15-ci yerdə gedir.
Qeyd edək ki, ötən mövsümün ilk yarısında Bakının “Standard” klubunun heyətində V.Petrjelanın çalışdırdığı “Neftçi”yə qarşı çıxış edən 24 yaşlı moldovalı hücumçu Anatoli Doroş Ulyanovsk təmsilçisinin şərəfini qoruyur.
0