Anatoli Demyanenko: “UEFA-nın “Vaslui” klubuna texniki məğlubiyyət verəcəyinə inanmıram”
22.07.2008 - 13:24
Anatoli Demyanenko: “UEFA-nın “Vaslui” klubuna texniki məğlubiyyət verəcəyinə inanmıram”
Turnirin üçüncü təsnifat mərhələsində komandamızın rəqibi olan Rumıniyanın “Vaslui” klubu ötən mövsüm bir oyunda legioner limitini pozduğu üçün texniki məğlubiyyət almalı imiş. Belə olan halda, çempionatı 8-ci yerdə başa vuran “Otselul” 7-ci pilləyə yüksəlib, “Neftçi”nin rəqibi olmalı idi. A.Demyanenko “Otselul”in indi bu məsələni gündəmə gətirməsini başa düşmür: “Həqiqətən belə qanunsuzluq var idisə, bunu əvvəldən Rumıniya Futbol Federasiyasının qarşısında qaldırmaq lazım idi. İndi bunu etmək gecdir. Necə deyərlər, qatar artıq gedib. “Vaslui” İntertoto kubokunda artıq bir oyun keçirib, bizimlə cavab görüşünə isə 4 gün qalıb”. A.Demyanenkonun sözlərinə görə, bu məsələ ilə bağlı UEFA-ya şikayət etmək fikrində deyillər: “İnanmıram ki, bunun faydası olsun və UEFA “Vaslui”yə texniki məğlubiyyət verərək, onu turnirdən kənarlaşdırsın. Ümumiyyətlə, rumıniyalıların problemləri bizi maraqlandırmır. Onsuz da problemlərimiz kifayət qədərdir və bunlar özümüzə bəsdir. Rumıniyaya ciddi itkilərlə yollanacağıq. Cavab görüşündə heyətdəki problemi yoluna qoymaq üçün bir şey fikirləşməliyik. Ola bilsin ki, “Vaslui”nin problemləri, komanda üzərində olan təzyiq, psixoloji gərginlik xeyrimizə işlədi. Ancaq buna ümid etmək olmaz. Cavab görüşünə yaxşı hazırlaşıb, UEFA kubokuna öz gücümüzlə yüksəlməliyik”.
Qeyd edək ki, “Neftçi” “Vaslui”ni öz meydanında 2:1 hesabı ilə məğlub edib.
0