Branimir Subaşiç sərt cəza ilə üzləşdi
22.07.2008 - 16:00
Branimir Subaşiç sərt cəza ilə üzləşdi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının oyunçusu Branimir Subaşiç cəzalandırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edən hücumçu klubun çexiyalı baş məşqçisi Zdenek Zemanın qəzəbinə tuş gəlib. Komandanın əsas heyətinə düşməkdə çətinlik çəkən 26 yaşlı futbolçu intizamsızlığı ilə diqqət mərkəzinə düşüb. Avstriya və Sloveniyada toplanış keçirən “Srvena Zvezda”nın digər iki oyunçusu Oqnen Koroman və yeni transfer Nikola Mixayloviçlə birgə şam yeməyinə 3 saat gecikən B.Subaşiçin hərəkətinə Z.Zeman göz yuma bilməyib. Bir vaxtlar İtaliyanın “Roma” klubunu çalışdıran mütəxəssis millimizin serbiyalı hücumçusu ilə komandanın kapitanı O.Koromanı idman rejimini pozduğu üçün sərt danladıqdan sonra ciddi cəzalandırıb. N.Mixayloviçin hərəkətləri isə ona daha ağır başa gəlib. Futbolçu Z.Zemanın sərt qaydalarına riayət etmədiyinə görə komandadan qovulub.
0