Azərbaycan futbol yığmasının rəqibləri AVRO-2016-nın təşkilatçıları ola bilər
22.07.2008 - 18:01
Azərbaycan futbol yığmasının rəqibləri AVRO-2016-nın təşkilatçıları ola bilər
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan futbol yığmasının qarşıdakı dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Rusiya və Finlandiya 2016-cı il Avropa çempionatının (AÇ) final mərhələsinin təşkilatçıları ola bilər. “APA-Sport” agentliyinin məlumatına görə, Finlandiya Futbol İttifaqı (FFİ) AVRO-2016-nı Rusiya ilə birgə keçirməklə bağlı UEFA-ya ərizə ilə müraciət etməsini müzakirə edib. Bu, beynəlxalq səviyyəyə çıxmasa da, finlandiyalılar qitə birinciliyinə ev sahiblik etməkdə çox maraqlıdırlar. Onlar hətta digər Skandinaviya ölkələri olan İsveç və Norveçlə birgə təşkilatçılığa hazır olsalar da, UEFA sayı iki ölkə ilə məhdudlaşdırıb. Qitə futbol qurumu final mərhələsinin iştirakçılarının sayının 16-dan 20, yaxud 24-ə qədər artırmağı planlaşdırır ki, bu da təşkilatçılıqla bağlı işləri daha da çətinləşdirir. FFİ-nin sədri Pekka Hyamyalyaynen məsələ ilə bağlı belə fikir söyləyib: “İştirakçıların sayı artarsa, bu, çempionatın keçirilməsi üçün daha böyük resurslar tələb edəcək. Bu zaman İsveçlə Norveçin lazımı sayda stadionla təmin etməsi heç də asan olmayacaq. Fikrimcə, Rusiya belə imkana malikdir və məhz bu ölkə ilə əməkdaşlıq həlledici amil ola bilər. Bizə qitə birinciliyini keçirmək üçün iki yaxşı stadion və Rusiyanın təşkilatçılığa marağı lazımdır. Özü də oyunların çoxunun keçirilməsi hüququnu bu ölkəyə güşəştə getməyə razıyıq”. Finlandiyanın artıq gələn il AÇ-ni keçirməklə bağlı ilk sınağı olacaq. Belə ki, qadınlar arasında futbol çempionatının həlledici mərhələsinin görüşləri bu ölkənin dörd şəhərində - Helsinki, Turku, Tampere və Lahtidə keçiriləcək.
Qeyd edək ki, 1911-ci ildən beynəlxalq miqyasda çıxış edən Finlandiya yığması heç vaxt final mərhələsinin iştirakçısı olmayıb. UEFA təşkilatçılığı bu ölkəyə verməklə yerli azarkeşlərin uzun intizarına son qoyulacaq və onlar milli komandalarının meydan sahibi kimi yarışa qatılmasına şahid olacaqlar.
0