Çempionlar Kubokunun finalçısı Bakıya gəlir
23.07.2008 - 10:44
Çempionlar Kubokunun finalçısı Bakıya gəlir
11 dəfə Yuqoslaviya, 8 dəfə Serbiya və Çernoqoriya, 1 dəfə Serbiya çempionu olan Belqrad təmsilçisi ilk titulunu 1947-ci ildə qazanıb. Həmin il dubla imza atan “Partizan” 6 dəfə Yuqoslaviya, 4 dəfə Serbiya və Çernoqoriya, 1 dəfə Serbiya kubokuna da sahib olub.
1945-ci il oktyabrın 4-də yaranan “Partizan” 1955/56 mövsümündə start götürən avrokubokların ilk turnirində iştirak edən komandalardan biridir. Çempionlar kubokunun birinci mövsümündə ¼ finala yüksələn “Partizan”ın ən böyük uğuru finala vəsiqə olub. 1966-cı ildə yarımfinalda “Mançester Yunayted”i keçən serbiyalılar Çempionlar kubokunun finalında Madridin “Real” klubuna uduzublar - 1:2.
1955/56, 1963/64, 1989/90 mövsümlərində avrokuboklarda ¼ finaladək irəliləyən “ağ-qaralar” Yuqoslaviya dağılandan sonra 1/8 final səddini keçə bilməyib. 1998/99 və 2004/05 mövsümlərində Kuboklar Kuboku və UEFA Kubokunun gələcək qalibinə məğlub olan “Partizan” qitə kuboklarında keçirdiyi 78 oyunda 33 qələbə qazanıb, 10 heç-heçə edib və 35 dəfə uduzub (top fərqi 134-124).
“İnter”in rəqibinin çalışdırıcısı məşhur serbiyalı Slavişa Yokonoviçdir. 40 yaşlı mütəxəssis ötən il dekabrın 25-dən komandanın baş məşqçisidir. Futbolçu karyerasını 2004-cü ildə bitirən yarımmüdafiəçi Serbiyanın “Voyvodina” və “Partizan”la yanaşı, İspaniyanın “Tenerife”, “Deportivo“, “Ovyedo”, “Mursiya” və İngiltərənin “Çelsi” klublarında çıxış edib. “Deportivo” ilə İspaniya çempionu olan futbolçu 1,7 milyon avroya “Çelsi”yə transfer olunub. Milli komandada 64 matça 10 qol vuran S.Yokanoviç 1998 və 2000-ci illərdə dünya və Avropa çempionatının final mərhələsində çıxış edib. 2002-03 mövsümündə isə “ağ-qaralar”ı məşhur Lotar Matteus çalışdırıb.
“Partizan” əvvəllər Azərbaycan klubu ilə qarşılaşıb. 2007-ci ilin yanvarında mövsümə Birləşmiş Ərəb Əmirliklərində hazırlaşan “Xəzər-Lənkəran” Dubayda “Partizan”a uduzub - 0:2. Həmin qarşılaşmada iştirak edənlərdən Mahmud Qurbanov indi “İnter”in heyətində belqradlılarla görüşəcək. “Turan” və “Qəbələ”nin yarımmüdafiəçisi Asen Nikolov da bir vaxtlar bu komandanın heyətində olub.
Qeyd edək ki, “İnter”lə “Partizan” arasında oyunlar iyulun 29-u və avqustun 5-də keçiriləcək.
0