UEFA Azərbaycan çempionunu cəzalandıracaq
23.07.2008 - 13:43
UEFA Azərbaycan çempionunu cəzalandıracaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubunun uruqvaylı hücumçusu Valter Quqlemon Çempionlar Liqasının (ÇL) ikinci təsnifat mərhələsində Serbiyanın “Partizan” komandası ilə oyunlarda iştirak etməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb 30 yaşlı futbolçunun turnirin ilk təsnifat mərhələsində Makedoniyada “Rabotniçki” ilə cavab görüşündə aldığı qırmızı vərəqədir. UEFA Skopyedə keçirilən görüşün israilli baş hakimi Asaf Kenanın meydanda qovduğu “İnter”in hücumçusunu ən azı iki oyunluq diskvalifikasiya edəcək. Çünki rəqibin kobudluğuna intizamsız hərəkətlə cavab verən V.Quqlemona birbaşa qırmızı vərəqə göstərilib ki, bu da ən azı iki oyunluq cəza deməkdir.
“İnter”in baş məşqçisi Valentin Xodukin uruqvaylı futbolçunu cəzalandırmaq fikrində olmadıqlarını bildirib: “Onsuz da Valter hərəkətinə görə çox peşmandır. Oyundan sonra oturub ağlayırdı. Bütün günahı Quqlemonda görmək də düzgün olmazdı. Valter cənubi amerikalıdır, emosionaldır. Uzun müddət dözsə də, sonda səbir kasası daşdı. Əsəbləri tarıma çəkilən uruqvaylı matçın bitməsinə saniyələr qalarkən, özündən çıxıb, rəqibinə cavab verdi. İstənilən halda, bu, futbolçumuza haqq qazandırmır. Mən onu bərk danladım, sərt şəkildə tənbeh etdim”.
Ukraynalı mütəxəssis V.Quqlemonun komandanı çətin vəziyyətdə qoyduğunu söyləyib: “Onsuz da hücum xətti ilə problemimiz var. Bombardirimiz Xaqani Məmmədov zədədən sonra tam hazır deyil. Valterin həmyerlisi Roman Quello isə zədəyə görə “Rabotniçki” ilə oyunlarda iştirak etmədi. Hücum xəttində yaranan boşluğu aradan qaldırmağa çalışacağıq. Çatdıra bilsək, Serbiyanın “Partizan” klubu ilə görüş öncəsi yeni hücumçu transfer edəcəyik”.


0