“Xəzər-Lənkəran” klubunun transfer etmək istədiyi Hakan Şükür Qazaxıstana gedib
23.07.2008 - 15:40
“Xəzər-Lənkəran” klubunun transfer etmək istədiyi Hakan Şükür Qazaxıstana gedib
Bakı. Aqşin Əliyev - APA-Sport. Türkiyənin məşhur futbolçusu Hakan Şükür Qazaxıstana gedib. “APA-Sport” agentliyinin Türkiyə mətbuatına istinadən məlumatına görə, “Qalatasaray”la müqaviləsinin müddəti başa çatan 37 yaşlı hücumçu bundan sonra Mərkəzi Asiyada biznes fəaliyyəti göstərəcək. Ötən həftə futbolçunun Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşündə məhz bu məsələ müzakirə olunub. H.Şükür Qazaxıstanda görəcəyi işlərlə bağlı dövlət rəsmilərindən dəstək istəyib. Öz növbəsində R.T.Ərdoğan Türkiyə ilə Qazaxıstanın birgə layihələri olduğunu, H.Şükürün bu iki ölkə arasında körpü rolunu oynaya biləcəyini vurğulayıb. O, “Kral” ləqəbli futbolçuya istənilən dəstəyi verəcəyini bildirib. Bu görüşdən sonra H.Şükür Qazaxıstana yollanıb. Onun gələcəkdə bu ölkəyə daha tez-tez səfər edəcəyi gözlənilir. Hücumçu futbolla bağlı planlarını isə təxminən bir həftədən sonra açıqlayacaq. Bu münasibətlə təşkil olunacaq mətbuat konfransında onun peşəkar futbolçu karyerasını başa vurduğunu bəyan edəcəyi bildirilir.
Qeyd edək ki, H.Şükürü “Xəzər-Lənkəran” klubu transfer etmək istəsə də, türkiyəli futbolçu Azərbaycanda oynamağa razılıq verməyib.
0