Azərbaycan klubları avrokuboklarda cəzasız ötüşə bilmir
23.07.2008 - 15:52
Azərbaycan klubları avrokuboklarda cəzasız ötüşə bilmir
Qitə miqyaslı turnirdə çıxış edən təmsilçilərimiz 2000-ci ildən indiyədək hər mövsümdə mütləq meydandan qovulan futbolçusu üçün əziyyət çəkməli olur. Özü də bunların əksəri görüşün nəticəsinə mənfi təsir göstərir və sonda komandalarımız mübarizədən kənarda qalırlar. Yalnız V.Quqlemonla milli komandamızın da üzvü olan Aleksandr Çertoqanovun aldığı qırmızı vərəqələr mərhələ adlamağımıza mane olmayıb. Özü də hər iki halda komandalarımız ÇL-də ikinci mərhələyə yüksəlib. 2002 və 2003-cü illərdə cəzalanmamağımızın səbəbi isə avrokuboklardan kənarda qalmaqla bağlıdır. Məsələ ondadır ki, həmin illərdə klublarla AFFA arasında yaranan münaqişə nəticəsində milli çempionatımız keçirilməmiş və UEFA klublarımızı bayrağı altında keçirilən turnirlərə iki il buraxmayıb. Futbolçularımız ən çox ÇL-də cəzalanıb ki, bu nüfuzlu turnirdə artıq 4 ildir dalbadal qırmızı vərəqə alırıq.
1994-cü ildən avrokuboklarda təmsil olunan Azərbaycan bu müddətdə 103 oyun keçirib ki, onların 15-də qırmızı vərəqə qeydə alınıb. Bunların 8-i evdə, 7-si səfərdə keçirilən matçlardır. “Neftçi” ilə “Xəzər-Lənkəran” eyni rəqiblə hər iki oyunda futbolçusunu itirib. Bir matçda iki oyunçumuzun meydandan qovulması isə “Bakı”nın görüşlərinə təsadüf edib. Klublarımızın heyətində avrokuboklarda qırmızı vərəqə alan futbolçuların sayı 17-dir ki, bunların 10 yerli, 7-si əcnəbi futbolçulardır.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın 31 yaşlı kapitanı Emin Quliyevin cəzası hələ da başa çatmayıb. Az öncə “Bakı”dan “Olimpik”ə keçən Leandro Qomeşin isə diskvalifikasiyası
qurtarıb. 32 yaşlı braziliyalı hücumçu UEFA kubokunda Serbiyanın “Voyvodina” klubu ilə Bakıda keçiriləcək cavab görüşündə meydana çıxa biləcək.

1996-cı il
UEFA kuboku

“Neftçi” – “Lokomotiv” (Bolqarıstan) – 2:1 (Aydın Ələkbərov)
“Lokomotiv” – “Neftçi” – 6:0 (Rasim Abışov)

1998-ci il
Kuboklar Kuboku

“Qarabağ” – “Kopenhagen” (Danimarka) – 0:4 (Mais Əzimov)

2000-ci il
UEFA kuboku

“Kəpəz” – “Antalyaspor” (Türkiyə) – 0:2 (Hüseyn Məhəmmədov)

2001-ci il
Çempionlar Liqası

“Şəmkir” – “Barri Taun” (Uels) – 0:1 (Badri Kvaratsxeliya)

UEFA kuboku
“Neftçi” – “HİT-Qoritsa” (Sloveniya) – 1:0 (Qurban Qurbanov)

2004-cü il
UEFA kuboku

“Şəmkir” – “Tiflis” (Gürcüstan) – 1:4 (Elçin Həsənov)

2005-ci il
Çempionlar Liqası

“Hafnarfyordur” (İslandiya) – “Neftçi” – 1:2 (Aleksandr Çertoqanov)
UEFA kuboku
“Jilina” (Slovakiya) – “Bakı” – 3:1 (Xalidu Sissoko, Leandro Qomeş)

2006-cı il
Çempionlar Liqası

“Sioni” (Gürcüstan) – Bakı – 2:0 (Vüqar Quliyev, Ramazan Abbasov)

2007-ci il
Çempionlar Liqası

“Xəzər-Lənkəran” – “Dinamo” (Xorvatiya) – 1:1 (Emin Quliyev)
“Dinamo” (Xorvatiya) – “Xəzər-Lənkəran” – 3:1 (Edmond N’ Tiamoa)
UEFA kuboku
“Neftçi” – “Rid” (Avstriya) – 2:1 (Zaur Tağızadə)
“Qrotslin” (Polşa) – “MKT-Araz” – 1:0 (Anatoli Doroş)

2008-ci il
Çempionlar Liqası

“Rabotniçki” (Makedoniya) – “İnter” – 1:1 (Valter Quqlemon)
0