Elvin Məmmədov: “Karyeramda ən yaxşı oyunumu Skopyedə keçirdim”
23.07.2008 - 18:13
Elvin Məmmədov: “Karyeramda ən yaxşı oyunumu Skopyedə keçirdim”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rabotniçki” ilə ilk oyundan fərqli, cavab görüşündə ehtiyatda qalmağım baş məşqçinin fikri idi”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Elvin Məmmədov deyib. Çempionlar Liqasında Makedoniyada “Rabotniçki” ilə oyunun 75-ci dəqiqədə meydana çıxmaqla matçın taleyini həll edən 20 yaşlı futbolçu bildirib ki, daha çox komandasının uğurunu düşünür: “15 dəqiqə meydanda olub, komandama xeyir verə bilmişəmsə, bu mənim üçün böyük uğurdur. Məhsuldar ötürməmi dəyərləndirən çexiyalı komanda yoldaşım Bronislav Çervenkanın əməyini də qeyd etmək lazımdır. Makedoniyaya qələbə dalınca getmişdik. Hələ Bakıdakı oyunda qalib gəlmədi idik. “Rabotniçki” yaxşı komandadır, güc futboluna üstünlük verir. Hər halda, oyunumuza görə mərhələyə keçməyə biz layiq idik. Səfərdə bizə sərf edən 1:1 hesabını əldə etdik. Çempionlar Liqası kimi nüfuzlu turnirdə ikinci matçımı keçirdim. İlk dəfə avrokuboklarda mərhələ adladım və karyeramda ən yaxşı oyunumu Skopyedə keçirdiyimi demək olar”. Berti Foqtsun da izlədiyi matçda ən yaxşılardan olan E.Məmmədov milli komandadan dəvət gözlədiyini vurğulayıb: “Milli komandaya çağırılıb-çağırılmayacağım artıq baş məşqçinin səlahiyyətində olan məsələdir. Mən onun işinə qarşı bilmərəm. Hər halda, yığmadan dəvət olarsa, canla-başla oynayaram. Qarşıda bizi “Partizan”la çətin sınaq gözləyir. Rəqibimiz Serbiyanın iki ən güclü klubundan biridir. Hesab edirəm ki, “Partizan”la Bakıdakı oyundan çox şey asılı olacaq”.
0