“İnter”in rəqibi öz meydanında Fransa çempionuna uduzub
24.07.2008 - 12:19
“İnter”in rəqibi öz meydanında Fransa çempionuna uduzub
Belqrad. Mehman Süleymanov - APA-Sport. “İnter”in Çempionlar Liqasında (ÇL) növbəti rəqibi Serbiyanın “Partizan” klubu yoxlama oyunu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Belqradda 15000 azarkeşin izlədiyi yoldaşlıq görüşü Fransanın son illərdə çempionu olan “Lion” klubunun 3:1 hesablı qələbəsi ilə nəticələnib. Serbiyalı hakim Draqomir Stankoviçin idarə etdiyi görüşdə qonaqlardan Fransa yığmasının hücumçuları fərqləniblər. Kərim Benzema “dubl” edib, daha bir qolunun müəllifi isə Sidney Qovu olub. “İnter”in rəqibi “Lion”un qapısına yeganə qolu 38-ci dəqiqədə Moreyranın sayəsində keçirib. Komandamızla sınaq öncəsi güclü rəqiblə qüvvəsini sınayan Belqrad klubu sabahdan hazırlığını bərpa edəcək. Serbiya çempionu “İnter”lə ilk oyuna iki gün qalmış səfərə çıxacaq. Belə ki, iyulun 27-də Bakıya gələcək “Partizan” son hazırlığını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. İyulun 29-da bu arenada keçiriləcək matç 19:00-da başlayacaq. Bu arada Azərbaycan çempionunun Belqradda keçirəcəyi görüşün vaxtı dəqiqləşib. “İnter”in ÇL-də yendiyi Makedoniyanın “Rabotniçki” klubundan fərqli olaraq “Partizan” cavab matçını ilk oyundan 7 yox, 8 gün sonra keçirəcək. Avqustun 6-da baş tutması nəzərdə tutulan həmin oyun Bakı vaxtı ilə 23:45-də başlayacaq.
0