“Neftçi” 17 futbolçu ilə UEFA kubokuna vəsiqə qazanmağa gedir
24.07.2008 - 13:24
“Neftçi” 17 futbolçu ilə UEFA kubokuna vəsiqə qazanmağa gedir
Pasportunun vaxtı qurtardığından yenisini almaq məcburiyyətində qalan J.Karlos “Neftçi” ilə birgə səfərə çıxmayacaq. İntertoto kubokunda yalnız bir oyunda meydana çıxan hücumçu Slovakiyada “Nitra” klubu ilə cavab görüşünün (1:3) iştirakçısı olub və onun vurduğu qol komandamızı ikinci mərhələyə yüksəldib.
Müdafiəçi Rail Məlikov cəzası başa çatdığından cavab görüşündə oynaya biləcək. Komandanın kapitanı Zaur Tağızadənin zədəsi isə yüngül olduğundan, o da iyulun 26-da meydana çıxacaq. “Vaslui” ilə oyuna Bakıdakı hazırlığını başa vuran komandamız son məşqini bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. “Neftçi” sabah 9:00-da çarter reysilə Rumıniyaya yollanacaq. Komandanın hücumçusu Eşqin Quliyev Türkiyədə 19 yaşlılardan ibarət yığmamızın hazırlığında iştirak etdiyindən, o da heyətdən kənara qalıb. Baş məşqçi Anatoli Demyanenko səfərə 20 futbolçu ilə yollansa da, Rumıniyadakı matçda 17 oyunçunun xidmətindən yararlana biləcək. “Vaslui” ilə səfər matçında ciddi itkilərlə üzləşən “Neftçi” Vladimir Olefir, Aleksandr Çertoqanov və Rəşad Sadiqovun xidmətindən cəza səbəbindən istifadə edə bilməyəcək. Bu futbolçular Rumıniyaya komandanı dəstəkləmək məqsədilə yollanacaq. Zədəli olduqları üçün adları UEFA-ya göndərilən iştirak ərizəsində yer almayan Samir Əliyevlə bolqarıstanlı yarımmüdafiəçi Svetoslav Stefanov isə səfərə çıxmayacaq.
Qeyd edək ki, UEFA kubokuna yüksəlmək uğrunda mübarizə aparan flaqman “Vaslui”ni Bakıda 2:1 hesabı ilə məğlub edib.
0