Bizim makedoniyalı İsgəndər
25.07.2008 - 10:31
Bizim makedoniyalı İsgəndər
Həm də “qalibləri mühakimə etmirlər” deyimini əsas tutub, Georgi Nikolov, Valentin Xodukin və başqalarına tənqidi yanaşmanı təxirə salmaq istəyirdik. Ki, Xodukin özü gəlib “müttəhimlər kürsüsü”ndə oturdu və mühakimə olunmağını istədi. Ukraynalı çalışdırıcı “APA-Sport”a açıqlamasında elə belə də deyib: “İkinci mərhələdə qarşılaşacağımız “Partizan”a asanlıqla məğlub olmayacağıq”. Bərəkallah! Azərbaycan çempionunun baş məşqçisi necə də nikbindir? Belə başa düşmək olar ki, “İnter” “Partizan”a mütləq uduzacaq, amma bir qədər çətinliklə. Yəni, Xodukinin komandasının serbiyalılarla görüşdə qələbəsindən söhbət gedə bilməz.
Belə məğlub, taleyi ilə indidən barışan məşqçi görmüsünüz? Xodukin futbol ictimaiyyətini mümkün uğursuzluğa, böyük hesablı məğlubiyyətlərə hazırlayır. Şübhəsiz ki, onun açıqlaması özünümüdafiədən başqa heç bir məqsəd güdmür. Yəqin, Xodukin vəzifəsinin öhdəsindən gəldiyini fikirləşir. Guya yarımcan “Rabotniçki”ni üstələmək böyük qəhrəmanlıq imiş? Yoxsa, Skopyedə son dəqiqələrdə vurulan qol sayəsində biabırçılıqdan yaxa qurtaran Xodukin özünü makedoniyalı İsgəndər hesab edir? Bəzən qalibləri də mühakimə etmək lazımdır. Çünki Xodukin kimi qaliblər xırda uğurdan sonra eyforiyaya qapılırlar və nə danışdıqlarının fərqinə varmırlar. Sabah Emin İmaməliyev, Xaqani Məmmədov, Elvin Məmmədov, Əliyar İsmayılov (hələ komandanın əcnəbilərinı nəzərdə tutmuram) meydançanı başıaşağı tərk edəndə, onlarda heç bir irad tuta bilməyəcəyik axı. Onları uğursuzluqda günahlandırsaq, əlbəttə, qayıdıb deyəcəklər ki, baş məşqçimiz bizi “Partizanla”la oyunda məğlubiyyətə kökləmişdi.
Xaricdə futbolu baş, ayaq və ən önəmlisi ürəklə oynayırlar. Maraqlıdır, görəsən bizdə futbol oynamağa çıxanda nədən istifadə edirlər? Baş və ayaqla futbol oynamağı bacarmırıq. Ürək də ki bizdə yoxdur. Xodukin kimilərinin hazırlaşdırdığı futbolçudan ürəkli oyun gözləmək sadəlövhlükdür. Bəlkə “İnter”in baş məşqçisi idmanda psixoloji amilin rolundan xəbərsizdir? Xodukin taleyinə minnətdar olmalıdır. O, indi hansısa orta məktəbdə bədən tərbiyəsi müəllimi işləməli idi. Ancaq...
“İnter” rəhbərliyi “Partizan”la matçqabağı aktiv fəaliyyətə keçməli idi. Məşqçilər yeni taktiki gedişlər, sürprizlər barədə baş sındırmalı, rəsmilər isə futbol həvəskarlarının sevgisini qazanmağın yollarını axtarmalı idilər. Onsuz da Valentin Xodukin ötən mövsüm mətbuat konfranslarına gəlməməklə, jurnalistlərə dəfələrlə hörmətsizlik nümayiş etdirib. Ukraynalı kompleksi olduğundan KİV təmsilçilərinin qarşısına çıxa bilmədiyini söyləyir. Mənim isə Xodukinin belə məsuliyyətsiz çıxışına kompleksim var. O, mətbuat konfranslarına gələn və rəqibdən asılı olmayaraq, qələbəyə söz verən həmkarlarının heç birindən artıq deyil. Lakin Xodukinin sözlərindən görünür ki, “İnter”də arxayınçılıq baş alıb gedir. Bəlkə də Xodukin ayağını-ayağının üstünə aşırıb “Partizan”la oyun saatını, daha doğrusu məğlubiyyət anını gözləyir. Bu gedişlə, “İnter”in heç vaxt yüzlərlə, minlərlə azarkeşi olmayacaq. Heç bir səmimi insan bu kluba qəlbən bağlana bilməz. Gedin, “Partizan”a asanlıqla məğlub olun! Daha sizləri qınamağa həvəsimiz qalmayıb...








0